Başlayıram 20 il bundan əvvəldən. 1999-cu ilin martın 31-də Azərbaycan millisi doğma meydanda Ruminiyanı qəbul edirdi. AFFA-da “məxməri inqilab” etmək arzusuyla alışıb-yanan Gənclər və İdman Nazirliyi bütün vasitələrlə məqsədinə çatmağa çalışırdı. Stadionun tribunalarındakı taxta oturacaqlar sökülmüş, yerinə yeni kresloların quraşdırılması işi isə ləng aparılırdı. Bunun da nəticəsində UEFA yalnız mərkəzi sektorlara bilet satışına icazə vermişdi. Dəqiq rəqəm xatırlamasam da, satışa çıxarılan bilet sayı 7-8 min civarinda idi.

AFFA-nın indiki “azarkeş yoxdusa, problem də yoxdu” siyasətinin fonunda 7-8 min biletin satılması fantastik görünür. Amma o vaxtlar belə deyildi. Millinin Bakıdakı oyunlarında 30 minə yaxın azarkeş tribunaları doldurar, futbolçularımızı sona qədər dəstəkləyərdi. Oyunun başlamasında dəqiqələr qalmış futbolsevərlər stadionu üzük qaşı kimi mühasirəyə almışdı. Əllərində bilet olmayanları polislər içəri buraxmırdı. Başqa vaxt olsaydı, polislər minlərlə azarkeşin hərəsindən bir məbləğdə “çay pulu” alar və onunların yolunu açardı. Bu dəfə isə belə şey mümkün deyildi. Tapşırıq “yuxarıdan” gəlmişdi. Tapşırığı verənlər ümid edirdi ki, millimiz azarkeş dəstəyindən məhrum qalacaq və Rumıniyaya böyük hesabla uduzacaq. Bundan sonra isə AFFA-nın rəhbərliyini yerindən tərpətmək daha asan olacaq.

Narazı kütlə elin gücünü selin gücünə çevirdi. Azarkeşlər  əvvəlcə polis kordonunu yardı, ondan sonra da stadionun dəmir darvazaları yerindən qoparıldı. Gözümüzü bir də onda açdıq ki, tribunaya çatmışıq. İndiyə kimi yadımdadı, şimal tərəfdəki qapının arxasında oturmuşduq. Oturmuşduq deyəndə ki, taxta oturacaqlar söküldüyündən sadəcə daş döşəmə vardı. Səhər dərsə gedəndə xəbər tutdum ki, qardaşımın Türkiyədən göndərdiyi dəri gödəkçə basırıqda cırılıb, özü də kürəyimin ortasına qədər. Oyunu da uduzmuşduq. Əhvalım əməlli-başlı korlandı. Amma mən peşman deyildim. Çünki milli komandamızın oyununda tribunada olmaya bilməzdim. 

Həmin ilin yayında 1-ci kursu bitirib, kəndə yay tətilinə yollanmışdım. İndikindən qat-qat kasıb idik. Salyandan Bakıya gəlmək və geri qayıtmaq üçün tələb olunan yol pulu bir tələbənin azı 5-6 günlük qidalanması demək idi. Amma mən tətilimin ortasında Bakıya gəlməyə qərar verdim. Başqa cür ola da bilməzdi. “Qarabağ” səfərdə Hayfa “Makkabi”sini məğlub etmişdi. Cavab görüşü Respublika stadionunda idi. Özümü mütləq oyunun keçiriləcəyi saatda “Tofiq Bəhramov”a çatdırmalıydım. Mənəvi borcum idi ki, çətin görüşdə tribunada olum, “Qarabağ”a dəstək verim. Mənim dəstəyim ümumi götürəndə nəyisə həll etmirdi, amma mən öz borcumu yerinə yetirməliydim. Borc-xərc etdim, boğazımdan kəsdim, valideynlərimin razılığı ilə Bakıya gəldim. “Qarabağ” uduzsa da, mərhələni keçdi. Kefim kök, damağım çağ evə qayıtdım. Xərclədiyim yol pulu, çəkdiyim əziyyət də halal xoşları oldu...

Onda bizim millimizin hücumçusu Ramil Şeydayevin cəmi üç yaşı vardı. İndi həmin Ramil böyüyüb, min minnətlə millidə oynamağa razı salınıb. Rusiya Premyer Liqasının autsayderi “Dinamo”da heyətə düşməsə də, millidə əsas heyət oyunçusudu. Biz “Dinamo”nun hər oyununu böyük ümidlərlə gözləyirik ki, bəlkə həmyerlimiz meydana çıxa. İndi həmin Ramil bizə deyir ki, milliyə inanmırsızsa, Macarıstanla oyuna baxmaya bilərsiz. Adam bəzən deməyə söz də tapmır...