
“Azarkeşlərimizə deməyə hansısa sözümüz yoxdur” - Samir Abasov
- 10 May 2025 22:00
- 38
“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 34-cü turunda “Turan Tovuz”un qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra “ağ-qaralar”ın baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib. Abasov 2:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Çox çətindir oyunçuları belə matçlara motivasiya etmək. Əlbəttə, çox çətindir. Oyunçularımız yetərli deyil. Dominant müdafiəçi yox, dominant “altı nömrə” yox… Bu oyunçuları motivasiya edib oyuna çıxarmaq bizim üçün çətindir. Meydana çıxanda atmosferi görəcəyik – paltardəyişmə otağında bunları oyunçularıma başa salıram. Heç kim “Neftçi” komandasından üstün deyil.
Bu gün azarkeşlərimizə deməyə hansısa sözümüz yoxdur. Çünki o qədər vədlər eşidiblər, sözlər verilib. Ona görə də, biz onlara meydanda sübut etməliyik, öz oyunumuzla, qələbərimizlə inam yaratmalıyıq.
“Neftçi” oyunçusunun fərqi odur ki, gətirdiyimiz futbolçulardan həmin an nəticə gözləyirik. Aleks qışda bizə qoşulub. Onun göstəriciləri bəllidir. Düşünürəm ki, zamanla düzələcək.
Təzyiq həmişə olacaq. Futbol varsa, təzyiq olacaq. Yadıma gəlir ki, “İnter” Çempionlar Liqasına başlayanda yaxşı start verməmişdi, baş məşqçinin üzərində təzyiq var idi, göndərməyi düşünürdülər. Amma baxırsan, bu gün komanda Çempionlar Liqasının finalına vəsiqə qazanıb. Ona görə də, təzyiq həmişə olacaq”.