''Ömrüm boyunca nə qədər qol vursam, hamısını qardaşım İlqara həsr edəcəm''.

Rekord.az "Xəzər TV"yə istinadən xəbər verir ki, bu sözləri vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan İlqar Burcəliyevin ''Zirə''də çıxış edən futbolçu qardaşı Tamerlan Burcəliyev deyib.

Tamerlanın qardaşı İlqar Burcəliyev oktyabrın əvvəlində Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Bundan sonar futbolçu Peşəkar Futbol Liqasına müraciət edib. Onun bu təklifinə müsbət cavab verilib və Tamerlan bundan sonra yaşıl meydanlarda kürəyində öz adı ilə yanaşı qardaşının da adını daşıyacaq.

"Zirə"nin bundan sonrakı oyunlarında Tamerlan şəhid qardaşının adını daşıyan 27 nömrəli formada yaşıl meydanlara çıxacaq. O, karyerası boyunca vuracağı qolları da qardaşı İlqara həsr edəcəyini deyir.

Qardaşının əsgər yoldaşlarını tapan Tamerlan deyir ki, İlqar döyüş zamanı yaralansa da, döyüş meydanından çəkilməyib.

İlqar Burcəliyev də vaxtı ilə "Zirə"nin 17 yaşlılardan ibarət komandasının şərəfini qoruyub.