“Son iki gündə qızlarımız bizi sevindirdilər”.

"Rekord.az" xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova deyib.

Stend atıcılığında Sidney Olimpiadasının qızıl, Afina Olimpiadasının bürünc medalçısı olan Meftahətdinova Azərbaycan idmançılarının Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında uğurlu çıxışına toxunub: “Doğma Bakımızda dövlət himnimizi səsləndirib, bayrağımızı qaldırdılar. Əlbəttə, bu cür nailiyyətlər hər bir azərbaycanlı kimi bizi sevindirir. Belə turnirlərdə gənc atıcılarımız həm yarış, həm də medal qazanmaq baxımından böyük təcrübə qazanırlar. Fürsətdən istifadə edib qızlarımızı, komandamızı, Atıcılıq Federasiyasının rəhbərini təbrik edirəm. Ümid edirəm ki, komandamızın üzvləri qarşıdakı beynəlxalq turnirlərdə xalqımızı uğurlu nəticələrlə sevindirməyi bacaracaqlar”.

Qeyd edək ki, medal sayına görə Azərbaycan komandası ilk “10-luq”dadır. Tapançadan 25 metr məsafəyə mərkəzə atış növündə Nigar Nəsirova qızıl, Nərminə Səmədova gümüş medal qazanıb. 25 metr məsafəyə tapançadan standart atəşaçma yarışında isə Azərbaycan komandası gümüş medalları bayram edib.