Qusar rayon UGİŞM-nin güləş zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş Yunan-Roma güləşi üzrə Qusar rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birincilikdə Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov və sektorunun əməkdaşları iştirak etmişlər.

Tədbirdə giriş sözü ilə çıxış edən Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov yarışın keçirilməsində əsas məqsədin rayonda uşaq və yeniyetmələr arasında Yunan-Roma güləşi idman növünün inkişafına və kütləviliyinə nail olmaq, perspektivli idmançıların aşkar edilməsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsini qeyd etmiş və yarış iştirakçılarına uğurlar arzulamışdır.

Yarışda 11 çəki üzrə 70 nəfər idmançı mübarizə aparmışdır.

Sonda hər çəki üzrə I, II və III yerlərə yüksəlmiş idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif edilmişlər.