
Yarım milyonluq şəhərə 10 minlik stadion?
- 27 Okt 2022 11:00
- 1024
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun son durumu ilə bağlı video paylaşılıb, qabağıma çıxdı mən də baxdım.Videounun altında yazılan şərhlərin 90 faizi tutumla bağlı idi. Hamı bir əldən yazır ki, 10 min çox azdır, hətta bəziləri yazıb ki, 10 min olacaqdısa, heç tikməzdilər. Ümumiyyətlə, yarım milyonluq şəhər üçün 10 minlik stadion kimin ideyası, planıdı, hansı məntiqlə bu qərarı veriblər, anlamaq çox çətindir. O stadion tikiləndə Sumqayıtın əhalisi 100 min civarında idi. SSRİ vaxtı şəhərin o vaxtkı rəhbərliyi 100 minlik şəhər üçün 15 mini məqbul görmüşdü və SSRİ İdman İdarəsi qarşısında məsələ qaldırıb buna nail olmuşdular. Özü də layihə elə hazırlanmışdı ki, həmin tutumu lazım gələrsə iki dəfəyə qədər artırmaq mümkün idi. Çünki tutum 50-60 illik müddətdə mümkün əhali artımına hesablanır, ya da, tutumu artırmaq üçün imkanlar saxlanılır. Memarlıqdan, tikintidən anlayışı olan insanların sözünə görə Sumqayıtda yekunlaşmaqda olan hazırkı stadionun gələcəkdə tutumunu artırmaq imkanları yoxdur. Layihə elə hazırlanıb ki, 10 min maksimumdu. Yəni 10-15 ildən sonra Sumqayıtın əhalisi daha da artsa, yaxud futbolun, çempionatın səviyyəsi qalxsa, tutumu artırmaq mümkün olmayacaq.
Avropada yarım milyon əhalisi olan şəhərlərdə stadionların ən minimum tutumu 20 mindir. Adi bir misal, sabah "Qarabağ"ı qəbul edəcək "Nant"ın təmsil etdiyi şəhərin 310 min əhalisi var. Stadionunun tutumu isə 37 min nəfərlikdi. Deyilə bilər ki, Fransa futbol ölkəsidir, özümüzü onlarla müqayisə etməyə filan, hardasa razıyam, amma bu qədəri ilə də yox. Normalda əhalisi yarım milyon olan şəhərlərdə stadionların tutumu 30-40 min arası olur. Sumqayıtda da qoyun, olsun heç olmasa 15-16 min. Əhali 100 min olanda 15 minlik tikmişdilər, indi yarım milyon olub məntiqlə artırmaqdan, anormal qərar verib azaldıblar. VAllah indi çox adam deyir, yazır ki, yeyinti olub filan, maraqlıdır ki, layihədə dəyişiklik yoxdur. Yəni 16 min deyəndə hansı layihəni tikirdilər, eyni layihə ilə yekunlaşdırırlar. Yəni tribuna, sektor, mərtəbə ixtisara getməyib ki, deyim layihə dəyişib. “Bakcell Arena”ya oxşarlıq var, amma fikir versəniz, “Bakcell Arena”da hətta qapıların birinin arxasında ikinci mərtəbə tribunası yoxdur, amma Sumqayıtda hər iki qapı arxasında alt-üst tribunalar var. Necə olur “Bakcell Arena” 11 min, Sumqayıt 10 min? Belə çıxır ki, oturacaqları 2 metrlik ara məsafəsi ilə quraçdıracaqlar? Bir variant var ki, iki mərtəbə arasında kabinetlər həddindən artıq çoxdur. Həqiqətən də bir stadion üçün bu qədər kabinet, şüşəli otaqlar kimə lazımdı? O yerləri verin tribunaya tutumu artırın. Yaxud ikinci mərtəbədə azarkeşlər üçün 5-6 çıxış qoyublar. İki çıxış qoydunuz bəsdir də altı çıxışı neyirsiniz? O çıxışları bağlayın qatın tribunaya tutum sayı çox olsun.
Yenə deyirəm, çox-çox heyf. Bəzi fikirlər də olur ki, olmayan yerdən buna da şükür, hələ 10 mini doldursunlar böyük şeydi nə bilim, bizdə futbola elə maraq yoxdur filan, heç cür qəbul edə bilmirəm. Ümumiyyətlə, düzgün yanaşma deyil. Onsuz da bunu sıfırdan tikirsən də hər gün stadion tikmirsən ki, elə bunu 15-16-18 min elə ona şükür eliyək. İkinci məsələ, tutum o demək deyil ki, hər oyun mütləq şəkildə o qədər insan gəlib stadionu doldurmalıdır. Dortumundun tutumu 80 mindi, indi hər oyun 80 min adam gəlir? Yaxu “Barselona”nın stadionu 90 mindən çox azarkeş tutur, hər oyun hamısı dolur? Oyun var 90 min gəlir, oyun var 60-70 min, elə oyun olur 20 min də gəlir, yəni stadionu, tutumu belə şeylərə görə hesablamırlar. İndi Sumqayıtda 10 minlik tikdilər. 3 ildən, 5 ildən, lap deyək 10 ildən sonra nə bilmək olur, bəlkə çempionluğa oynayan bir komanda oldu, yaxud oldu da yaxşı sponsor oldu, güclü komanda quruldu gedib deyək ki, Konfrans Liqasının qrupuna düşdülər. şəhər də daha da böyüyəcək, əhali daha da artacq, bilet alıb oyuna gəlmək istəyənlərin sayı da çoxalaca, onda neyləyəcəksiniz? Təəssüf ki, bizdə futbol yuxarılar, səlahiyyət, imkan sahibləri üçün heç ilk “onluq”da da olmadığı üçün belə şeylərə önəm vermirlər. Onlarda belə məntiq var ki, bir az əl gəzdirdək, şəhərə gəlib-gedən var, yaxşı deyil, vidsiz görünməsin, kifayəte dər. Yəni yanaşmanın maksimumu budur. Əgər 15 min düşünüb deyək ki, noyabrın 1-də təhvil verməlidilərsə və sona yaxın görəndə çatdırmırlar, o zaman işə daha məsuliyyətli yanaşıb daha çevik işləmək, əlavə işçi qüvvəsi cəlb etmək əvəzində kəsib-doğramağa gedəcəklər. Bir nöü "ə, 15 min alınmır, cəhənnəmə alınsın gedin, kəsin 10 min eliyin" formatında. Başqa yanaşma ağla gəlmir.
Anar XANLAROV