“Barselona”nın vingeri Lamin Yamal komandanın son məşqində tam iştirak edə bilməyib.


Rekord.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 18 yaşlı futbolçu 2026-cı ildəki ilk məşqin başlamasından cəmi 5 dəqiqə sonra klubun məşq bazasını tərk edib.


Yamalın vəziyyəti “ümumi halsızlıq” kimi qiymətləndirilir. Problemin ciddi olmadığı bildirilir və onun şənbə günü “Espanyol”a qarşı keçiriləcək Kataloniya derbisində iştirakına böyük ehtimalla mane olmayacağı vurğulanır.


Yamal Hans-Diter Flikin rəhbərliyi altında cari mövsümdə “Barselona”nın əsas hücumçularından biridir. O, indiyədək iştirak etdiyi 20 oyunda 9 qol vurub və 11 məhsuldar ötürmə verib.