Bu gün Qətərdə keçirilən 2022-ci il futbol üzrə dünya çempionatında final matçı keçiriləcək.

Rekord.az xəbər verir ki, həlledici qarşılaşmada Fransa ilə Argentina üz-üzə gələcək.

Hazırda bütün dünyanın diqqəti saat 19:00-da start götürəcək bu qarşılaşmaya yönəlib. Biz isə final qarşılaşmasına xanımlarımızın münasibətini öyrənmək qərarına gəldik və bu məqsədlə müxtəlif sahədə çalışan zərif cins nümayəndələrimiz arasında sorğu keçirmək qərarına gəldik. Xanımlarımıza 3 sualla müraciət etdik:

1.Futbolla nə dərəcədə maraqlanırsınız?

2. Dünya çempionatını izləyirsinizsə kimə azarkeşlik edirdiniz?

3. Fransa - Argentina matçında kimə azarkeşlik edəcəksiniz və sizcə, dünya çempionu kim olacaq?

Ümumiləşdirilimiş cavabları sizə də təqdim edirik:

 

Aidə Əliyeva, jurnalist, "CBC Sport"

"2008-ci ildən futbolu izləyirəm və deyə bilərəm ki, o vaxtlar tam azarkeş kimi futbola baxırdım. İlk baxdığım dünya çempionatı 2010-cu ildə olub o vaxt azarkeşlik etdiyim komanda İspaniya idi, amma sonradan müxtəlif yarışlarda favoritlər dəyişib. 2014-cü ildə Argentinaya azarkeşlik edirdim. Bu mundial isə fərqlidir, çünki ilk dünya kubokudur ki, artıq idman jurnalisti gözü ilə baxıram bu yarışa. Gedişatda Xorvatiyanı çox bəyəndim və sevindim ki, 3-cü oldular. Finala gəlincə, Fransanın qalib gəlməsini istəyirəm. Onların İngiltərəyə qarşı sərgilədiyi performans çox yaxşı idi və məncə, Deşam Argentinanın zəif nöqtələrini tapacaq. Argentinanın oyun tərzini bu DK-da bəyənmədim, amma çox xarakter göstərəcəklər deyə adam dəqiq söz deyə bilmir. Məncə, əlavə dəqiqələrdə Fransa qələbə qazanacaq".

 

Esmira Turan, Azərbaycan Türkiyə jurnalının baş redaktor müavini

"Yoldaşım həvəskar, oğlum professional futbolçu olduğu üçün mən də avtomatik bu işin içində sayılıram. Həm Azərbaycan, həm də dünya çempionatını təqib edirəm. Dünya çempionatında ilk gündən Argentinaya pərəstiş etmişəm və onların qalib gələcəyinə əminəm".

 

Aynur Hüseynova, turizm sahəsi üzrə mütəxəssis

"Əvvəl futbolla daha çox maraqlanırdım, oyunları həvəslə izləyirdim. Amma hazırda sevimli futbolçum olmadığı üçün maraqsız gəlir, izləmirəm. Sorğuya cavab olaraq, Argentina qalib gələcək".

 

Aytac Sahəd, jurnalst, "CBC Sport"

"Futbolla uşaq yaşlarından maraqlanıram. Dünya çempionatının da demək olar ki, əksər oyunlarını izləmişəm. Braziliyaya azarkeşlik edirdim. Təəssüf ki, Braziliyanı finalda görə bilmirik. Bu gün Argentinaya azarkeşlik edəcəm və onun qalib gəlməyini istəyərəm".

 

Fəridə Rəsulova, jurnalist, İTV

"Futbol həyatımın ayrılmaz hissəsidir. 20 ildən çoxdur ki, hər gün maraqlanıram, oxuyuram, baxıram, izləyirəm. Bir sözlə, futbolsuz bir günüm olmasın. Dünya və Avropa çempionatlarında 1998-ci ildən ancaq İngiltərəyə azarkeşlik edirəm. İngiltərədən başqa heç bir komandaya sözün əsl mənasında azarkeşlik edə bilmirəm, ürəyimdən gəlmir. Sadəcə izləyirəm və əlbəttəki bəzən hansısa komandaya simpatiya ilə yanaşıram, amma azarkeşlik etmək başqadır. Argentina—Fransa oyununda simpatiyam argentinalıların tərəfindədir, Messiyə görə. Bu dahi futbolçu dünya çempionu olsa, məncə, çox ədalətli olar, çünki bu möhtəşəm idmançı illərdir ki millidə göstərdiyi oyuna görə tənqid olunur, amma fakt orasındadır ki, Messi düz-əməlli oyun göstərə bilməyən Argentinanı ən azı son 3 çempionatda irəliyə aparan oyunçudur. Kütlə elə bil bunu görmür və bu istedada malik olan, topla və topsuz meydançada inanılmaz böyük işi görən futbolçunu illərlə tənqid edirlər. Ümumiyyətlə, bu görüşdə Argentina daha iddialı görünür, üstəlik, Fransa millisində mən bilən 3 oyunçu xəstələnib, baş məşqçi ilə Benzema arasında növbəti münaqişə yaşanır. İngiltərəni, Mərakeşi çətinliklə udan komandada, məncə, ümumi ab-hava yaxşı deyil, bu isə həmişə meydançada öz sözünü deyir".

 

Zülfiyyə Nəzər Məmmədova, aktrisa

"Düzünü desəm, nə mən, nə də ailəm futbolla dərindən maraqlanmır. Bəlkə də bu, mənim xoşbəxtliyimdir, çünki dayım və əmim futbolun dəhşət azarkeşidir və bunun nə demək olduğunu gözəl bilirəm. Bununla belə, son zamanlar dünya çempionatı ilə bağlı iş yoldaşlarımdan az-çox eşidirəm. Məsələn, Mərakeşin uğurlu çıxışı haqda eşitmişəm, Bakı-İstanbul təyyarəsi eniş edəndə insanlar bir-biri ilə əlaqə saxlayıb, məlumat öyrənirdi. O ki qaldı, Fransa - Argentina matçına, məncə, Latın Amerikası futbolda hər zaman öndə olub və təxmin edirəm ki, Argentina qalib gələcək". 

 

Ofelya Novruz qızı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrinin aktrisasi

"Sırf futbol fanatı deyiləm. Amma vaxt olanda maraqlı komandaların oyunlarını izləyirəm, çalışıram oyunlarına baxım. Dünya çempionatını o qədər izləyə bilmədim. Amma maraqlı komandalar var idi. Məsələn, Xorvatiya - Mərakeş oyununa baxdım. Daha çox azarkeşlik etdiyim komanda isə Argentinadır, çünki Messi pərəstişkarıyam. İstərdim ki, Argentina qalib olsun".

 

Səyyarə Hüseynova, B.EST Solutions Biznesin İnkişafı və Marketinq menecer

"Açığı futbolla maraqlanmıram. Az da olsa, məlumatlm var ki, Qətərdə dünya çempionatı gedir və dünyaca ünlü Messi ilə Ronaldo orada çıxış edir. "Qarabağ" olsa, yəqin ki, onlara azarkeşlik edərim (gülür). Amma indiki halda, yəqin ki, Argentina. Onların qalib gəlmək şanslarını daha çox qiymətləndirirəm".

 

Sənəm Fərhadova, "Səbail" Futbol Klubunun mətbuat xidmətinin rəhbəri

"6 yaşımdan futbolu izləyirəm. İlk baxdığım oyun 2006-cı il mundialında Almaniya - İtaliya matçı olub. Azarkeş kimi 2008-ci ildən Almaniya millisinə azarkeşlik edirəm. Xüsusilə Türkiyə - Almaniya oyunundan sonra. Bastian Şvaynştaygerə görə həm Almaniyanı, həm də futbolu sevməyə başladım. Klub futbolunda ilk əvvəl "Borussiya"ya simpatiyam var idi. Ancaq "Borussiya"nın "Bavariya"nı 5:2 məğlub etdiyi oyundan sonra fikrim dəyişdi. Halbuki "Borussiya" həmin vaxt çox yaxşı formada idi. Dünya çempionatında Almaniyaya azarkeşlik edirdim. Təəssüf ki, Yaponiya ilə oyundakı məğlubiyyət onlara baha başa gəldi. İlk hissədə yararlana bilmədikləri epiozdlar, ikinci hissədəki arxayınçılıq məğlubiyyətlə nəticələndi.  Almaniyanın mübarizəni dayandırmasından sonra Xorvatiyanln çempion olmasını istərdim. Çempion olmasını istəmədiyim iki milli finaldadır. Ona görə yaxşı oynayan qazansın. Bir-birindən fərqli iki millinin finalıdır. Fransa daha praqmatik oyuna üstünlük verir, ağılı taktiki gedişlər edir. Əks hücumlarda təhlükəlidir. Lakin bütün bunlara baxmayaraq, Argentinanın çempion ollacağını düşünürəm. Amma dediyim kimi, ümid edirəm həqiqətən yaxşı olan komanda qalib gələr".

 

Fəridə Ağazadə, Mətbuat Şurasının icraçı katibin müavini

"Futbol maraqlı, həyəcanlı bir oyundur. Həmişə maraqlı futbolun tamaşaçısı olmuşam. Bu oyun tək kişilərin yox, qadınların da maraq dairəsindədir. Hətta elə xanımlar var ki, onlar azarkeşlik və futbol mövzusunda kişilərdən heç də geri qalmır. Futbolun maraqlı tərəfləri çoxdur. Məsələn, 90 dəqiqə eyni vəziyyətdə, nəfəs almadan oyunu izləyə bilərsiniz. 2017-ci ildə mövsümün ilk "El-klasiko”sunu, yəni "Barselona”-"Real” qarşılaşmasını izləyəndə keçirdiyim həyəcanı izah edə bilmərəm. Əvvəllər Azərbaycanda xanım azarkeşlərin sayı o qədər də çox deyildi, amma indi bu sahədə vəziyyət dəyişib.Hazırda xanım azarkeşlərin sayı əvvəlki illərə nisbətən daha çoxdur. DÇ 2022-də azarkeşlik etdiyim komanda Mərakeş və Argentina idi. Qətərdə keçirilən dünya çempionatı bu gün final oyunu ilə başa çatacaq.Argentina seçməsi də üçüncü çempionluğunu qazanmağa çalışacaq. Argentinaya azarkeşlik edirəm və bu komandanın qalib olacağını düşünürəm".

 

Aysel Aslanqızı, jurnalist

"Düzü əsəblərimi qorumaq üçün futbol izləmirəm (gülür). Dünya çempionatını izləmədiyim üçün heç bir komandaya da azarkeşlik etmirəm. Təəssüf ki, Fransanın çempion olacağını düşünürəm, lakin könlüm Argentinadan yanadır".

 

Fərqanə Mehmanqızı, psixoloq,  "İntellect Academy"-nın direktoru

"Futbola ilk tanışlığım "Fransa 98" dən başlayıb. Dərsdən qaçıb çempionat oyunlarına baxmağa gedirdim. Azarkeşlik etdiyim komanda Braziliya idi, Neymara görə. Bu gün ancaq Fransaya və Mbappeyə azarkeşlik edəcəm".

 

Fidan Məmmədli, jurnalist, ARB 24

"Dəstəklədiyim 2-3 komanda var və onların oyunlarına baxacaq qədər futbolla maraqlanıram. Xorvatiyanın azarkeşiyəm, amma bugünkü finalda Argentinanı dəstəkləəcəm.Məncə, çempion da onlar olacaq". 

 

Ayfər Feyziyevə, jurnalist, İTV

"Əslində Portuqaliya yığmasına azarkeşlik edirdim (CR7). Bugünlkü finala gəlincə, qalibin Fransa yığması olacağını düşünürəm". 

 

İlahə Səfərzadə, ASİS reklam şirkəti, yazar, filoloq

"Futbolla maraqlanmıram və heç kimə azarkeşlik eləmirəm. Ölkəmizin qatıldığı yarışlar olsa, təbii ki, hər bir vətəndaş kimi öz ölkəmə azarkeşlik edə bilərəm. Ümumi olaraq, futbol maraqlı olmasa belə, amma digər hallarda neytral mövqedəyəm".

 

Günay Yelmarqızı, jurnalist, "Azad Azərbaycan"

"Bu ilki dünya çempionatını yaxından izləmirəm. Amma nəticələrdən, ümumi mənzərədən xəbərim var. Bu il diqqətimi çəkən sürpriz yığmaların göstərdiyi sürpriz performanslar oldu. Əslində bu, yaxşıdır. Son illər dünyada futbol mənzərəsi də dəyişib. Artıq ənənəvi komandalar gözlənilən performansı sərgiləmir. Hər şey dəyişir...Steriotiplər qırılır. Futboldaki ənənəvi mənzərə dəyişir. Futbolda yeni nəfəsə ehtiyac var məncə. Bu çempionatda türk idman jurnalistlərindən birinin ifadəsi diqqətimi çəkdi: " Endüstriyel futbol deyil, insana dokunan futbol istiyoruz". Bəlkə də artıq insana toxunanların qalib olmaq vaxtıdi. Amma təəssüf ki, final mərhələsi üçün bunu deyə bilməyəcəm. Finala çıxan yığmaların heç birinə azarkeşlik etmirəm. Amma Fransanın çempion olmasın istəmirəm. Birmənalı şəkildə"

 

Könül Abbasova, psixoloq, Psixodinamika Mərkəzinin klinik psixoloqu

"Futbol oyununu sevmirəm, buna görə dünya çempionatını da izləmirəm. Amma bugünkü Fransa - Argentina matçında Argentinanın qalib olmasını istərdim".

 

Səkinə Yusibli, jurnalist, "Bizim media"

"Futbola marağım əksər xanım kimi demək olar ki, çox azdır. Amma ara-sıra məşhur futbol klublarının oyunlarını izləyib məlumatlı olmağa çalışıram. Dünya çempionatını izləyirəm. Argentina millisinə azarkeşlik edirəm və təbii ki, Argentina azarkeşi olaraq onun qalib olmasını istəyirəm. Və inanıram ki, Argentina Fransanı darmadağın edərək dünya çempionu adını qazanacaq".