
Veşoviç təkzib etdi: "Səbail" haqda elə söz deməmişəm"
- 11 Yan 2023 10:00
- 389
"Mən Polşa mətbuatına heç bir açıqlama verməmişəm. Sadəcə olaraq polşalı jurnalistlər də oyunu izləyirdilər. Ayaqüstü söhbət vaxtı məndən "Səbail"in Premyer Liqada neçənci pillədə olduğunu soruşdular".
Rekord.az xəbər verir ki, bu sözləri qol.az saytına açıqlamasında "Qarabağ"ın futbolçusu Marko Veşoviç deyib.
Ötən gün monteneqrolu forvard Polşa mətbuatına açıqlaması ilə gündəmə gəlib. Onun "Səbail"in Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində "Legiya" (Varşava, Polşa) ilə yoxlama matçı zamanı (2:2) sonra paytaxt təmsilçisini ölkəmizin ən zəif klubu adlandırdığı qeyd edilib. Bu haqda Polşanın onet.pl saytında yayımlanan reportajda bildirilir.
Veşoviç Qol.az-a açıqlamasında isə belə sözlər demədiyini, ümumiyyətlə, Polşa mətbuatına açıqlama vermədiyini vurğulayıb: "Mən sadəcə, onların sonuncu pillədə olduğunu, büdcələrinin isə "Qarabağ", "Neftçi" və "Sabah"dan daha zəif olduğunu bildirmişəm. Mən heç vaxt heç bir rəqibimiz haqqında belə fikir söyləmərəm. Bu, yanlış anlaşılmadır. Bunlar müsahibə vermədiyim halda polşalı jurnalistlərin ayaqüstü söhbətdən gəldiyi qənaətin məhsuludur. Mən sadəcə "Səbail"in sonuncu pillədə olduğunu demişəm. Bu da faktdır. Mən onlara necə zəif deyə bilərəm? Ötən mövsüm Azərbaycan çempionatında yeganə məğlubiyyətimiz "Səbail"ə olub".
Qeyd edək ki, Veşoviç 2021-ci ildən "Qarabağ"da oynayır. O, Polşada 2018-2021-ci illərdə "Legiya"nın formasını geyinib.