Bir neçə gün əvvəl Polşa mətbuatında Marko Veşoviçin "Səbail" Azərbaycan Premyer-Liqasının ən zəif klubudu" adı altında açıqlaması yayılmışdı. Rezonans doğuran bu xəbərə münasibət gəlib. "Qarabağ"ın futbolçusu belə söz işlətmədiyini, ifadələrinin yanlış yozulduğunu bildirib.

 

"Rekord.az"-a açıqlama verən monteneqrolu futbolçu o cür açıqlama vermədiyini deyib: "Bəli, oyunun gedişində polşalı jurnalistlə bizim ayaqüstü söhbətimiz olub. Müsahibə deyildi. Onu əvvəlcədən də tanıyırdım. Məndən neçənci pillədə olduqlarını soruşublar, mən də soncu pillədə olduqlarını söyləmişəm. Premyer-Liqanın "Qarabağ", "Sabah" və "Neftçi" kimi klubları ilə müqayisədə büdcələrinin aşağı olduğunu söyləmişəm. Bu, onların ən zəif olduğu anlamına gəlmir, gəlməməlidi də. Bu, polşalı jurnalistlə ayaqüstü söhbətimizdə sadəcə onun gəldiyi qənaət və təxəyyülünün məhsuludu. Mən "Səbail" barədə "ən zəifdi" ifadəsini işlətmərəm, ən azından ona görə ki, ötən mövsüm yeganə məğlubiyyətimiz məhz onlardan almışıq".