UEFA qərar verdi: “Ayntraxt” Bakıya azarkeşsiz gələcək
- 15:30
- 30
UEFA Çempionlar Liqasında baş verən xoşagəlməz hadisələr Almaniya klubu “Ayntraxt” üçün ciddi sanksiyalara səbəb olub.
Rekord.az “Bild” nəşrinə istinadən xəbər verir ki, “Ayntraxt”ın “Barselona” ilə səfər oyunu (1:2) zamanı frankfurtlu azarkeşlərinin davranışı UEFA-nın sərt qərarına səbəb olub.
Qonaq sektorunda pirotexniki vasitələrdən istifadə edilməsi, tribunaya əşyaların atılması və işıq raketinin buraxılması qurumun diqqətindən yayınmayıb.
Nəticədə, UEFA “Ayntraxt”a növbəti iki Avropa səfər oyununda azarkeş qadağası tətbiq edib. Bu isə o deməkdir ki, yanvarın 21-də Çempionlar Liqasında “Qarabağ”la Bakıda keçiriləcək matçda Frankfurt təmsilçisinin azarkeşləri stadionda olmayacaq. Komanda növbəti mərhələyə yüksələrsə, sonrakı səfər oyunu da eyni cəza altına düşəcək.
Bundan başqa, pirotexnika qalmaqalına görə “Ayntraxt” 30 min avro, “Kamp Nou” stadionunda tualetlərə və pleksiqlas divara dəyən zərərə görə isə əlavə 8 min avro cərimələnib. Klub ziyanın aradan qaldırılması üçün 30 gün ərzində “Barselona” rəhbərliyi ilə əlaqə saxlamalıdır. Frankfurt klubu daha əvvəl “Roma” ilə oyundakı oxşar hadisələrə görə şərti cəza altında idi.
“Bild”in yazdığına görə, bu cəza minlərlə günahsız “Ayntraxt” azarkeşini də zərbə altında qoyub. Artıq Bakıya səfər üçün uçuş və otellər bron edən, futbola görə yola çıxan fanatlar stadiondan kənarda qalacaqlar. Məlumata görə, klub “Qarabağ”la oyun üçün təxminən 3000 bilet sorğusu almışdı.