Ötən həftə məlum oldu ki, AFFA 2024-25 mövsümündə Premyer Liqada çıxış edən klubların uşaq və gənclər sektoruna 6 milyon manat vəsait ayırıb. Çox gözəl, çox əla. Hələ dövlətdən gələn 3 milyonun da yarım milyonu sırf uşaü futbolu, akademiyaların inkişafı üçün nəzərdə tutulub. Hələ mən UEFA-dan, FİFA-dan gələn yardımları demirəm. Amma məsələ nədir? Bu vəsaitin neşə faizi uşaqlara, uşaq futboluna, akademiyalara ayrılır? Bu haqda deməkdən, yazmaqdan yorulmuşuq. Pul var, inkişaf yoxdur. Çünki heç kim uşaq futbolunu düşünmür, uşaqlara ayrılan pullar da legionerlərə xərclənir. Ona görə hər zaman deyirik ki, sırf uşaq futbolu üçün ayrılan vəsaitə AFFA ciddi nəzarət etməlidir, bununls bağlı klublar qarşısında tələb qoymalı, hesabat istəməlidi. Uşaq futbolumuz həqiqətən bataqlığın dibindədir. Uşaq liqalarımız bərbad gündədir. Bu fotoları ötən gün Tovuzda çəkmişəm. Tovuz Olimpiya İdman Kompleksində AFFA-nın bayrağı altında keçirilən uşaq liqasının oyunudur. Meydança bildiyin beton. Elə bil betonu rəngləyib uşaqları buraxmısan oyuna. Belə meydançada uşaq liqası keçirmək olmaz. Özü də 9-10 yaşlı uşaqlar üçün. Şəraitdən, ümumiyyətlə, danışmağına dəyməz. Uşaqlar qışın günündə paltarlarını çöldə dəyişirlər. Biri yerə qoyur, biri ağacdan asır. O boyda kompleksdə bir otaq tapılmır ki, bu uşaqlara versinlər? Sonra da deyirik ki, niyə uşaq futbolu bu gündədir, aşağı yaş millilərimiz niyə böyük hesabla uduzur. Bu mənzərənin nəticəsi necə olmalıdır? Tək Tovuzda yox, bütün ölkə boyu uşaq futbolunun durumu budur. Tədbir görülməsə 1-2 ilə vəziyyət daha acınacaqlı olacaq.


Anar XANLAROV