Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Moldova matçında uzun fasilədən sonra meydana çıxan və hesabı açan Fineo De Arauxo federasiyanın rəsmi açıqlama verib.

Rekord.az xəbər verir ki, o, bunları söyləyib: “Əvvəldə bir qədər çətinlik oldu. Ancaq oyuna başlayan “dördlüy”ümüz yaxşı müdafiə olundu. Əslində, həmin “dördlük” güclü oyunçularımızdan qurulub. Onlar tapşırıqları yerinə yetirdilər”.

Maraqlıdır ki, oyunda bütün qolları ikinci “dördlük” vurub. Fineo dəyişikliyin oyunu daha da inkişaf etdirdiyini vurğulayıb: “İkinci “dördlük” də öz işinin öhdəsindən gəldi. Müdafiə ilə bərabər, hücumlar qurduq. Nəticədə hesabı açdıq. Əlbəttə, bu qələbə komanda əməyinin məhsuludur”.

Hücumçu millədə sonuncu qolunu illər əvvəl yoldaşlıq matçında vurduğunu, dönüşünü yenidən qolla qeyd etməyin isə psixoloji baxımdan əlavə üstünlük qazandırdığını bildirib: "Latviya ilə yoldaşlıq oyununda qol vurmuşdum. Ondan sonra zədələndim, toplanışlarda və millinin görüşlərində iştirak edə bilmədim. Əlbəttə, dönüşünü qolla qeyd etmək müsbət emosiya yaradır. Bu səviyyəyə çatmağımda millinin həkiminə, fizioterapevtinə təşəkkür edirəm. Baş məşqçi də şans verdi və mən də üzərimə düşəni etdim". 

“Hesabla oyun düz mütənasib təşkil edirmi” sualına futzalçının cavabı belə olub: “Təbii ki, hər bir oyundan əvvəl görüşə maksimum konsantrasiya olmağa, rəqibi kiçiltməməyə çalışırsan. Moldovanın xüsusilə Slovakiya ilə oyunda qollu heç-heçə etməsi bizi də düşündürürdü. Top fərqinin bu qədər olması asan qələbə qazandığımız anlamına gəlməməlidir. Ancaq bir neçə epizod oldu ki, onları da qola çevirməli idik”.

Növbəti oyun haqda da nikbin danışan Fineo diqqətli olmağın vacibliyini vurgulayıb: “Vilelasız çətin olacaq. O, həqiqətən də güclü oyunçudur. Fərqli görüş olacaq. Biz bu dəfə qonaq qismində meydana çıxacağıq. Bakıdakından da yaxşı oynamalıyıq. Məqsəd isə dəyişməyəcək – səfərdən 3 xalla dönməliyik”.