Tərlan Əhmədov: “Epizod 100 faiz penalti idi”
- 20 Dek 2022 18:00
- 516
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/4 finalında “Turan Tovuz”a qarşı keçirdikləri cavab oyununu (2:2, ilk oyun 1:2) şərh edib.
Rekord.az xəbər verir ki, o, matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
"Maraqlı bir oyun izlədik. Bu görüşə qədər evdə 1:2 hesabı ilə məğlub olmuşduq. Bu da istər-istəməz komandanın üzərində təzyiq yaradırdı. İlk dəqiqələrdən komandada həyəcan, özünə inamsızlıq hiss olunurdu. İki top buraxaraq məğlub duruma düşsək də, hesabı bərabərləşdirə bildik. Hətta qalib də gələ bilərdik. Oyun hər iki komanda adına maraq doğururdu. Hər iki kollektiv gələcək üçün böyük ümidlər verir. Şansımız bərabər idi. Oyunun sonlarına yaxın verilməyən penalti epizoduna da baxdıq. Epizod 100 faiz penalti idi. Hakim onu necə verməyə bilərdi sualı maraq doğurur. Artıq hər şey keçmişdə qaldı. Bizim üçün kubok bitmiş sayılır. "Zirə" ilə çempionat oyununa hazırlaşmalıyıq. Komandama bu oyuna görə təşəkkür edirəm".