Azərbaycan Futbol Veteranları İttifaqı AFFA-ya məktub ünvanlayıb.

Rekord.az-ın məlumatına görə, Oqtay Abdullayevin sədri olduğu qurum federasiyadan Qəhrəman Əliyevin müalicəsinə köməklik göstərilməsini xahiş edib.

Çünki tanınmış məşqçinin sağlıq durumu kritikdir. 1 aydan artıqdır koronavirusa yoluxmuş mütəxəssis, bu azmış kimi, beyin insultu keçirib.

Son MRT müayinəsi onun beyin yarımkürəsində 3 damara qaz sızmasını müəyyənləşdirib. Həkimlər Əliyevin ən azı 6 ay – 1 il müddətində güclü müalicə keçməli olduğunu bildirib.

Bu isə böyük xərc tələb edir. Yaxınları geridə qalan müddətdə Qəhrəman bəyin xəstəxana məsrəflərini qarşılamaq üçün 15 min manatdan artıq pul ödəyib.

İndi onların da imkanı tükənib, xəstənin həyati təhlükəsi isə qalmaqdadır.

AFFA bir müddət əvvəl Əliyevlər ailəsinə öz maddi dəstəyini təklif edib. İicraçı vitse-prezident Elxan Məmmədov onunla bağlı məsələni şəxsi nəzarətinə götürmüşdü.

Lakin həmin vaxt məşqçinin qohumları xəstəliyin bu həddə çatacağını təxmin etmədiyindən, maliyyə köməkliyinə ehtiyac olmadığını bildirmişdi.

Bugünkü vəziyyət tam fərqli və kritikdir.