Məlum olduğu kimi, bu ildən "Sumqayıt"a tətbiq olunan legioner qadağası ləğv olundu.

Rekord.az xəbər verir ki, 2011-ci ildən bu qadağa ilə oynayan komandaya qarşı bu addımın atılması bir qədər gözlənilməz oldu.

Əksəriyyəti də düşündürən bu idi ki, niyə məhz bu mövsüm öncəsi. Bununla bağlı saytımıza maraqlı məlumat daxil olub. "Sumqayıt"a qoyulan qadağanın götürülməsi birbaşa "Şamaxı"ilə bağlı olub. Bildiyiniz kimi, Şamaxıda stadion tikən AFFA daha sonra "Keşlə"nin də adını dəyişərək bu rayona göndərdi. Diqqət çəkən məqam isə bu komandaya da legioner transferinin qadağan edilməsi, yalnız yerlilərlə oynamaq tapşırığının verilməsi idi. "Sumqayıt"a qoyulan legioner qadağasının götürülməsi də məhz bununla bağlı olub. Heç kimə sirr deyil ki, hər iki klub AFFA-nın nəzarətindir və federasiyadan idarə olunur. Klubların idarəçiləri də AFFA-dan təyin olunur. Qərara gəlincə, hazırda ölkədə ciddi yerli futbolçu qıtlığı var. Belə olan halda həm "Şamaxı"nın, həm də "Sumqayıt"ın ancaq yerlilərlə oynaması ciddi problemə çeviriləcəkdi. Kasad heyətlə çempionatda oynamağın isə mənası yox idi. Məhz bu məqamı ölçüb-biçən fedeasiya "Sumqayıt"a qoyulan qadağanı götürməyə qərar verdi. Məhz bundan sonra Sumqayıt üz tutdu ölkə xaricinə və 10 legioner transfer etdi. "Şamaxı" isə çətinliklə də olsa, yerli futbolçulardan kollektiv qura bildi.