Sumqayıt şəhəri Məhəmməd Füzuli adına 15 saylı orta məktəbin şagirdləri bədən tərbiyəsi dərsini keçməyə çətinlik çəkir. Çünki nə paltardəyişmə otağı var, nə də müvafiq idman alətləri və vasitələri. Məktəbin müəllimləri şagirdlərdən dərs normativlərini götürmək üçün eninə-uzununa tullanma, 60 metrəyə qaçış təmrinlərini özləri qurduğu şərait hesabına keçirlər. Qapalı şəraitdə şahmat oynamaq üçün şərait də yaradılıb. İdman dərslərinin boş keçməməsi və nizam-intizamın pozulmaması üçün dərslər bütün rüblərdə proqrama uyğun keçirilir. Məktəbin bədən tərbiyəsi dərsi şəraitinin zəif olmasına baxmayaraq, şagirdlər idman sahəsində müxtəlif nailiyyətlər də qazanıb. Vaxtilə Sumqayıtın ən böyük idman təmayüllü təhsil ocağı həm də idmançıları ilə diqqət mərkəzinə düşüb. Məktəbin ümumi idman korpusu ilə yanaşı çevrəsində futbol, basketbol oynamaq və müxtəlif idman alətlərindən yararlanmaq üçün çox gözəl şəraiti olub. Ancaq məktəb və idman kompleksi bir-birindən aralı salındığı üçün şagirdlər bu gün adicə idman dərsini keçməyə belə yer tapmırlar. İdman uşaq və yeniyetmələrin həyatında vacib rol oynayır, onları zərərli vərdişlərdən uzaq tutur.

Digər yandan məktəblərə valideynlərin də dəstəyi vacib olduğundan bu mövzuda yazmağı özümüzə vətəndaşlıq borcu bildik. Bu yaxınlarda məktəbin yan hissəsində məktəb öz xərci hesabına əraziyə texnika gətizdirib müəyyən ərazini düz formaya salıb. Ancaq orada futbol oynamaq üçün meydança, idman təmrinlərini yerinə yetirmək üçün isə idman vasitələri turnik, paralel qollar qurulmalıdır. Eyni zamanda şagirdlərə paltardəyişmə otağı tikilməlidir.

Bu mənada həm valideynlərə, həm də bu məktəbin məzunu olan imkanlı  insanlara müraciət edirik ki övladlarımızın idmanla məşğul olmaları üçün bacardıqları dəstəyi göstərsinlər .

Çünki ölkədə idmana böyük qayğı var. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları Milli Olimpiya Komitəsinin rəhbəri olaraq daim bu sahəni öz nəzarətində saxlayır, idmançılara böyük diqqətlə yanaşır. Beləliklə, biz də bu işə bacardığımız dəstəyi göstərək.