Xəbər verdiyimiz kimi, Almir Aqanspahiç bu mövsümün əvvəlindən icarə əsasında oynadığı “Sumqayıt”dan ayrılıb.

Rekord.az xəbər verir ki, 27 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu Serbiya “Çukariçki”sinə qayıdıb.

Forvard "kimyaçılar"dan ayrılması ilə bağlı “sportklub.rs” saytına açıqlama verib: “Son matçımı dekabrın 24-də keçirdim. Klub məni icarədən geri qaytarmaq qərarına gəldi. Məşqçilər korpusu ilə razılaşaraq bir neçə gün istirahət etdim və Yeni ili doğma Sarayevoda qarşıladım. İndi isə yenidən doğma komandama qayıtdım. Sumqayıt"da əvvəlki baş məşqçi Aleksey Baqanın rəhbərliyi altında müntəzəm olaraq oynayırdım. Samir Abasovun gəlişindən sonra ehtiyatda qalmağa başladım. 15 oyun keçirsəm də, bundan razı deyiləm”.



Təcrübəli hücumçu ilk növbədə Azərbaycandakı stadionların infrastrukturunun, məşq şəraitinin onu çox təəccübləndirdiyini əlavə edib:
 

"Sumqayıtda yeni arena tikilib, tezliklə açılışı olacaq. Digər tərəfdən, ölkədə “Qarabağ” kimi çox keyfiyyətli klublar var. Yeri gəlmişkən, "Çukariçki" Türkiyədəki hazırlıq zamanı onlarla yoldaşlıq oyunu keçirəcək”.