Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işlər yekunlaşmaq üzrə olsa da, arenanın tutumunun nə qədər olacağı hələ də dəqiq bilinmir.

Rekord.az xəbər verir ki, söküntü işlərinə başlanılan dönəmdə ilk rəsmi açıqlamada tutumun 16000 nəfər olacağı bildirildi.

Lakin sonradan zaman-zaman bu rəqəm oynamağa başladı. 3 ilə yaxındır davam edən tikinti müddətində 10 min, 12 min və 16 min rəqəmləri bir-birini əvəz etməyə başladı. Çox maraqlıdır ki, işi icra edən şirkət mətbuata açıqlamasında tutumun 16 min nəfər olacağını desə də, arenın direktoru Nadir Quliyev daha çox 10 min rəqəminin üzərində dayanır. Müxtəlif rəqəmlər eşidən Sumqayıtın futbol ictimaiyyəti isə bu durumdan əməlli-başlı çaş-baş qalıb. Görünən budur ki, arenanın dəqiq tutumunu öyrənmək üçün bütün oturacaqların quraşdırılmasını gözləmək, daha sonra isə həmin oturacaqları bir-bir saymaq lazım gələcək.