“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 2:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun alındı. Adətən çempionatın son oyunları psixoloji cəhətdən gərgin keçir, amma hər iki komanda bunu hiss elətdirmədi ki, son oyunlardan biridir. Futbolçular ilk dəqiqələrdən meydanda istəkli idi. Meydanın hər qarışığı uğrunda mübarizə aparırdılar. İkinci hissədə bizim də, rəqibin də yaxşı hücumları oldu. Amma ikinci hissədə daha inamlı başladıq, böyük qüvvə ilə irəli atıldıq. Qələbə qazanmaq istəyirdik. İki qol vurduqdan sonra futbolçularda psixoloji olaraq hesabı qorumaq istəyi formalaşdı beyinlərində. İkinci qoldan sonra oyun bizim üçün çətin keçdi. Şükürlər olsun ki, rəqib sonrakı müddətdə fərqlənə bilmədi və biz qələbə qazandıq. Qarşıda bir oyunumuz qalıb. O matça köklənəcəyik. Çox sevinib, bayram etməyə vaxtımız yoxdu. 4 gün sonra “Sabah” komandasına qarşı səfərdə oynayacağıq. Düşünürəm ki, futbolçular da məsuliyyətini başa düşür. Bu oyunu bir kənara qoyub “Sabah”la oyuna köklənmək lazımdır”.