Xəbər verdiyimiz kimi, "Səbail" qış transfer hazırlığını doğma Bayıl stadionunda yox, Mərdəkandakı "Dalğa Arena"da keçdi. Bunun da əsas səbəbi Bayıl stadionunun süni qazonunun bərbad vəziyyətdə olmasıdır. Hətta komanda qışdan sonra ev oyunlarını da Mərdəkanda keçirmək istəyirdi və bununla bağlı AFFA-ya müraciət də olunmuşdu. Lakin federasiya klubun istəyinə "yox" cavabı verib və bu haqda saytımızda da bir müddət öncdən məlumat verilmişdi.

Rekord.az məsələ ilə bağlı şəxsən "Səbail"in baş məşqçisi Aftandil Hacıyevə də sual ünvanlayıb.

Hacıyev bizimlə söhbətində həqiqətən belə məsələnin olduğunu təsdiqləyib: "Bəli, qışdan sonra ev oyunlarımızı "Dalğa Arena"da keçirmək istəyirdik. Bununla bağlı AFFA-ya da müraciət ünvanlamışdıq. Lakin təəssüf ki, müsbət cavab ala bilmədik. Bizə bildirildi ki, istər yeniyetmə və gənclərdən ibarət yığma komandalar, istərsə də qadınlardan ibarət milli komanda oranın imkanlarından istifadə edir. Bir sözlə, bizim üçün boş yer yoxdur. Ümumiyyətlə deyim ki, hazırda Bakıda stadion qıtlığı var. Axtarışımız davam edir, amma uyğun stadion tapa bilmirik. Görünən budur ki, ən azı bu mövsümün sonuna kimi Bayılda qalacağıq. Növbəti mövsüm yəqin ki, çıxış yolu taparıq".