“Neftçi” bu gün Misli Premyer Liqasının 13-cü turunda “Turan Tovuz”un qonağı olub.


Rekord.az xəbər verir ki, oyundan sonra “ağ-qaralar”ın məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov 0:0 hesabı ilə başa çatan matçı belə şərh edib:


“Tovuz səfəri bilirik ki, hər zaman çətin keçir. “Turan Tovuz” iddialı komandadır, turnir cədvəlindəki mövqeləri də bunu göstərir. Qısa müddətə hazırlıq keçmişdik. Bura qələbə qazanmaq üçün gəlmişdik. Belə alındı. Belə davam etsək, yaxşı nəticələr gələcək.


“Neftçi”nin koordinator vəzifəsində çalışıram. Bu komandaya bir az da olsa, xeyrim dəyirsə, buna ancaq sevinirəm. Düşünürəm ki, Samir Abasov yaxşı komanda qoyub gedib. Keyfiyyətli futbolçularımız var. Qalib də gələ bilərdik. Hər iki komanda bir xal qazandı. Qələbə qazansaydıq, turnir cədvəlində yerimizi yaxşılaşdıra da bilərdik.


Tovuz səfəri əvvəldə də dedim ki, çətin olur. Özümü də, komandanı da psixoloji olaraq bu oyuna hazırlamışdım. Düşünürəm ki, bu bizdə bu gün yaxşı alındı.


Vensan Abubakar çox peşəkar futbolçudur. Nizamlı-intizamlı biridir. Karyerası da bunu göstərir. Düşünürəm ki, “Neftçi” adına yaxşı qazancdır.


Harda “Neftçi” adı varsa, bütün titullar uğrunda mübarizə aparmalı olduğunu bilirik. Bunun özü belə, təzyiq deməkdir. Bu komandada elə futbolçular çıxış edir ki, bu təzyiqə davam gətirəcək gücdədirlər.


“Zirə” ilə çətin kubok oyunu bizi gözləyir. Artıq bu oyunu unudub, həmin oyuna hazırlaşacağıq.


“Neftçi” elə bir komandadır ki, burada olmaq çox böyük zövqdür. Əlbəttə ki, təklif etsələr, sevə-sevə bu komandada işlərəm”.