
Samir Abasov: “Makkabi”yə səfərdə də 3 qol vura bilərik”
- 25 Avq 2021 20:44
- 623
“Neftçi”nin baş məşqçisi Samir Abasov Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Makkabi”yə (Hayfa, İsrail) qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu cür oyuna belə itkilərlə gəlmək yaxşı hal deyil. Əsas heyətin 3 üzvü sabah oynamayacaq. Rəqibin nə qədər güclü olduğunu Bakıda da gördük. Keyfiyyətli oyunçulardan yığılmış komandadır. Konfrans Liqası üçün güclü olan kollektivlə qarşılaşacağıq. Çox yaxşı hücum xəttinə malikdir. İlk oyunda da bunu hiss etdik. 3-4 gün öncə "Makkabi" kubok matçı keçirib. Həmin matça baxdıqdan sonra bir daha şahidi olduq ki, komandanın oyununda keyfiyyət azalmayıb. Bu, bizə problem yarada bilər. Amma İsrailə elə-belə gəlməmişik. Başa düşürük ki, son şansımızdır. Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik. Bakıda bu komandaya 3 qol vurmuşuqsa, burada da edə bilərik”.
Qeyd edək ki, avqustun 26-da "Sammi Ofer" stadionunda keçiriləcək "Makkabi" - "Neftçi" matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. İlk qarşılaşmada qalib müəyyənləşməyib - 3:3.