
"Şamaxı"nın ev oyunlarına giriş pullu olacaq
- 18 İyl 2022 16:00
- 535
Növbəti mövsümdə "Şamaxı"nın ev oyunlarına giriş pullu olacaq.
Rekord.az xəbər verir ki, bu haqda açıqlamanı komandanın meneceri Kamran İsmayılov verib.
O, "Futbol plus"a açıqlamasında bunları deyib: "Turan Tovuzla yoxlama oyununda stadiona girişi pullu etməyimizi bəzi şəxslər, o cümlədən bir qrup idman saytı aqressivlik və qınaq ilə qarşıladı. Burda nəyi ayıb etdiyimizi bilmirik. Stadiona 50-60 dəvət olunan qonaqdan başqa 1000-1500 azarkeş təşrif buyurdu. Yəni matça girişin pullu olmasına görə kimsə nə klubu qınadı, nə də qiymətdən şikayətləndi. Bu məqam bir daha onu göstərir ki, Şamaxıda futbola maraq var və azarkeşlərimiz gələcəkdə də bizi tək qoymayacaq. Çempionat oyunlarında da birmənalı şəkildə komandanın ev oyunlarına giriş pullu olacaq. Ötən mövsüm Şamaxıda cəmi iki ev oyunu keçirməyimizə baxmayaraq, stadion, demək olar ki, ağzına kimi dolu idi. Həm ötən mövsüm, həm də Tovuz təmsilçisiylə oyunda stadiona azarkeşlərin axın etməsi bizi inandırır ki, gələcəkdə də seyrcilər komandaya dəstək üçün stadiona təşrif buyuracaqlar. Əyalət klubları ilə iş baxımından yetərincə təcrübəm var. "Şəmkir"də və "Simurq"da çalışdığım vaxt camaatın necə böyük həvəs-coşquyla arenaları doldurduğunu görmüşəm. İnanıram ki, Şamaxı sakinləri də böyük coşqu ilə komandamızı tək buraxmayacaq və daim 12-ci oyunçu kimi dəstəyini bizdən əsirgəməyəcək".