Misli Premyer Liqasının bu gün keçirilən 12-ci turunun ilk oyununda maraqlı anlar yaşanıb.

Rekord.az xəbər verir ki, hadisə “Turan Tovuz” - “Sumqayıt” matçında (1:0) baş verib. Meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov sevincini çılğın formada ifadə edib. 88-ci dəqiqədə Şəhriyar Əliyev qol vurduqdan sonra ilk olaraq məhz A.Abbasovun yanına gedib. Bu zaman artıq gənc mütəxəssis meydana daxil olaraq futbolçuları ilə qol sevincini bayram edir.

A.Abbasovun sevincini belə tərzdə ifadə etməsi isə bir məqama diqqət çəkib. O, 2021-ci ilin dekabrında baş məşqçisi olduğu “Sumqayıt”dan istefaya göndərilmişdi. Buna görə isə dəfələrlə incikliyini ifadə etmişdi.

A.Abbasov oyundan sonra keçirilən mətbuat konfransında bununla bağlı məsələyə toxunub və ad çəkməsə də, sevincinin “Sumqayıt”ın hazır rəhbərliyinə mesaj olduğunu gizlətməyib.

“Mən ümumən hər qola çox sevinirəm. Amma onu da deyim ki, bu qol bəzi adamlara ismarıc idi. Öz mesajlarını aldılar” - deyə A.Abbasov bildirib.

Abbasov ad çəkməsə də, bu mesajın birbaşa "Sumqayıt"ın prezidenti Riad Rəfiyevə verildiyi gün kimi ortadadır.