"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 6-cı turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 2:0 hesablı qələbəni belə şərh edib:


“Futbolçularımı təbrik edirəm. Kaxaber Sxadadzeyə ancaq təşəkkür düşür. İntizamlı oyun, bərk müdafiə, təhlükəli əks-hücumlar... 90 dəqiqə 10 nəfərlə oynamalarına baxmayaraq, komandası əzmkarlıq göstərdi. Belə komanda, belə iş görəndə qarşıdakı oyunlarda daha da ciddi oluruq. Sxadadzeyə və komandasına uğurlar arzulayıram. Özümüzə gəldikdə, vacib qələbə idi. Bəlkə də oyun düşündüyümüzdən fərqli alındı. Qarşımızda yaxşı müdafiə olunan komanda var idi. Qolu düşünülmüş hücumdan sonra vurduq. Bəzi elementlər var idi ki, onları meydanda gördüm. Hər bir halda bu, az idi. Daha çox etmək lazım idi. Bəlkə də rəqib ilk dəqiqələrdən azlıqda qaldı deyə, arxayınlıq oldu. Azarkeşlərimizə təşəkkür edirəm.


11-11-ə oynasaydıq, bilmək olmazdı nəticə necə olacaq. Rəqibi də düşünmək lazımdır. Bir həftə bizimlə oyuna hazırlaşırlar. Birdən-birə düşünülməmiş qırmızı vərəqə məşqçinin də oyun planını pozur. Bəlkə bizim də planımızı pozdu. Epizoda baxanda dedim ki, yəqin verəcək. Belə hallar hər iki komandaya gələcəkdə fayda verir.


Ramil Şeydayev hələ hazır deyil. Bizdəki əvvəlki performansı ilə indiki performansı arasında fərq var. Təcrübəli oyunçudur. Fiziki hazırlığı onun ən üstün cəhətlərindən biridir. Xeyli müddətdir oyunlarda iştirak etmir. Ramilə oyun təcrübəsi lazım olacaq. Qarşıdakı matçlarda bizə faydası dəyəcək. Çünki rotasiyalar edəcəyik. Oynadıqca keçmiş formasına qayıda biləcək”.