
"Renn"in baş məşqçisi iki gün sonra ayıldı və hakimlikdən sikayət etməyə başladı
- 31 Okt 2022 16:30
- 374
''Renn''in baş məşqçisi Bruno Jenezio ''Fənərbaxça'' ilə oyunun üstündən 2 gün ötdükdən sonra hakimlikdən gileylənmək qərarına gəlib!
Rekord.az xəbər verir ki, bilindiyi kimi cümə axşamı Avropa Liqasında qrup mərhələsinin 5-ci turu çərçivəsində ''Renn'' İstanbulda ''Fənər''in qonağı oldu. Fransızlar qalib gələrək qrup liderliyini təmin etməyə yaxın idilər. Amma komanda 3:0-lıq üstünlüyü əldən verərək bərabərliklə kifayətləndi. Dünən ''Monpelye'' ilə oyunöncəsi mətbuat konfransında danışan Jenezio İstanbulda hakim səhvlərinin qurbanı olduqlarını deyib. Halbuki 56 yaşlı mütəxəssis ''Fənər''lə oyundan sonrakı mətbuat konfransında hakimlik mövzusuna toxunmamışdı. Bu dəfə Jenezio bunları deyib:
''Hakim futbolda mühüm rol oynayır. Məsələn, ''Fənərbaxça'' ilə oyunda hakim səhvlərinin qurbanı olduq. Quiriyə qarşı iki dəfə sərt oynanıldı və yalnız birində sarı vərəqə göstərildi. Penaltimiz verilmədi və bir qolumuz da sayılmadı. Bu, çox dilə gətirilmədi, amma hakimlər o matçın nəticəsinə təsir etdi. Təbii ki, bizim də səhvlərimiz oldu. Rəqibin istedadlı oyunçuları var idi və bu səhvləri bizə bağışlamadılar. Yaxşı oynadılar, amma hakim də onlara dəstək verdi''.