Rumıniyada yaşayan azərbaycanlı jurnalist Abbas Zahidi bu gün "feysbuk" hesabında Rumıniya mediasında Mirça Rednikin "Xəzər Lənkəran"dakı əhvalatlarının müzakirə olunması haqda paylaşım edib.

Rekord.az xəbər verir ki, 2011-ci ildə "Xəzər Lənkəran"a icarə əsasında gələn Hristu Kiaku iddia edir ki, Rednik bəlkə də yalnız transferlərdən milyon avro pul qazanıb. Kiakunun dedikləri tam şəkildə:
 

"Mirça ilə birgə "Xəzər Lənkəran"da olanda, onunla bir çox əhvalatlarım olub. Orda müqavilə imzalananda güya hansısa komisyon ödənməli idi. O pul da Redniklə agent arasında bölünür. Mən isə o pulu vermədim. Pulu götürdüm və Rumıniyaya qayıtdım ki, viza işlərinə başlayım. 3 gündən sonra Bakıya qayıtdım. "Neftçi" ilə oyundan öncə məşq edirdik və Rednik mənə yaxınlaşdı ki, oyundan sonra danışmalıyıq. O vaxt "Neftçi" 1-ci yerdə idi, biz isə 2-ci. Oyun 0:0 hesabı ilə bitdi və mənə dedilər ki, oyunçular arasında yaxşı mənada seçilirdin. Növbəti oyuna 2 gün qalmış, Rednik məni otağına çağırdı. Birinci hal-əhval soruşdu. Dedim "yaxşıyam". Bundan sonra Mirça yenə puldan danışmağa başladı. Cavab verdim ki, mən imzaladığım pula gəlmişəm. Bu mənim dəyərimdi və bu məbləğə oynayıram. Yaxşı deyiləmsə, oynamazdım. Rednik cavab verir: "Yaxşı, özün bilərsən. Bundan sonra daha oynamayacaqsan".

Mənim əvəzimə Aleks Pitsurkanı meydana buraxdı. İndi həmkar haqqında pis danışmaq düzgün deyil, amma meydanda gülməli vəziyyət alınmışdı. Onun oyunu heç alınmırdı. 80-ci dəqiqədə məni meydana buraxdı və 83-də qol vurdum. Qolumdan sonra hesab 2:1 oldu və biz qalib gəldik.
Bundan sonra səfərdə hansısa yaxşı komanda ilə qarşılaşırdıq. Deyəsən, "Qarabağ" idi, dəqiq yadımda deyil. Oyundan əvvəl yenə Rednik məndən yapışmışdı ki, pulu vermədin, burda istədiyini edirsən, filan. Onun öz payı da qalmışdı deyə, məndən əl çəkmirdi. Bəlkə də Lənkəranda yalnız transferlərdən milyon avro pul qazanıb. Oyuna gəlincə, 30 dəqiqə oynadım və 2 qol vurdum. Fasilədə 3:0 udurduq. Amma 3-cü qoldan sonra kimsə ayağıma pis vurdu və məni dəyişdilər. Sona 10 dəqiqə qalmış hesab 3:2 idi. Rednik skamyaya baxır və deyir "hamısı sənin (məni göstərərək) günahındı, guya ağrı-filan var". Ayağımdakı zədə ayyarım çəkdi. Hə, bir də ayağımın bu qədər pis olması, bilirsiz, necə oldu? Həkim ayağıma həddən çox "sprey" vurdu və ayağımın bir hissəsini "yandırdı". Dərim düz sümüyə qədər yanmışdı. 1-2 gün şiddətli ağrılar oldu və sonra yaranın tam bağlanması üçün ayyarım vaxt lazım idi. Sadəcə, 2 oyun oynamadım, ondan sonra açıq yara ilə oyunlara çıxırdım. Buna baxmayaraq, Rednik hər dəfə məndən o pulu istəyirdi. Sonra ordan getdim".