Dünən keçirilən "Sabah" - "Qarabağ" matçında müəyyən maraqlı məqamlar da oldu. 

Rekord.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov tez-tez Xayme Romeroya öz tapşırıqlarını verirdi.

Bu zaman isə "tərcüməçi" kimi kapitan Maksim Medvedevin xidmətindən istifadə edirdi. Belə ki, Qurbanov Maksimə yarı rus, yarı Azərbaycan dilində tapşırığı verir, Medvedev isə ispaniyalıya həmin tapşırlğı ingilis dilində çatdırırdı.

Oyundan diqqət çəkən məqamlardan biri də ilk hissənin sonlarında oldu. Ağdam klubunun üzvü Andrade "Sabah"ın futbolçusu Amid Sevdiyevə qarşı kobud oynadı. Hakim cərimə zərbəsi təyin etsə də bununla kifayətlənməyən Coşqun Diniyev epizoda görə legionerə sərt etiraz etdi. Onun bu etirazına isə Mahir Əmrəli müdaxilə etdi. Coşqun etirazlnı Mahirə də çatdlrınca, komanda yoldaşının hərəkətinə haqq qazandıran Əmrəli Diniyevə "onun oyunu elədir" cavabını verdi. İlk hissə başa çatar-çatmaz isə Maksim Qara Qarayevi "xüsusi tapşırıqla" Coşqunun yanına göndərdi ki, onu sakitləşdirsin.

Qarçılaşmada daha bir diqqət çəkən məqam da ikinci hissədə oldu. İki mübarizədən sonra "Qarabağ"lı futbolçulardan biri "Sabah"ın hücumçusu Rodrigesə qarşı bir qədər sərt oynadı. Zərər çəkən etiraz etsə də hakim "davam" işarəsi verdi. Rodriges isə yerə oturub ayağından çıxan butsu geyinməyə və ipini bağlamağa başladı. Bunu görən "Qarabağ" futbolçuları isə hücuma çıxmayıb arxada topu bir-birlərinə ötürməyə başladılar ki, Rodrigey butsunu rahat şəkildə geyinsin. Bu zaman Qurban Qurbanov da üzünü futbolçularına tutaraq "geyinib qurtarsın, sonra hücuma başlayın" tapşırığını verdi. Rəqibdən bu jesti görən "Sabah"ın baş məşqçisi Ramin Quliyev isə Rodrigesə qışqıraraq, onu tələsdirdi.