Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiqlədiyi Əsasnaməyə uyğun olaraq gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyunu üzrə Qobustan rayon birinciliyi Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Qobustan rayon Təhsil sektorunun, DYMX-nin Qobustan rayonu üzrə bölməsinin və Səfərbərlik, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin və Qobustan Gənclər evinin birgə təşkilatçılığı ilə keçirilib.

Rekord.az xəbər verir ki, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi E.Salmanov çıxış edərək yarış iştirakçılarını salamlamış və komandalara oyunların keçirilmə qaydalarını izah etmişdir.

Şahin” hərbi-idman oyunu üzrə Qobustan rayon birinciliyi açıq elan olunmuş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışda rayonun 4 tam orta məktəbinin komandası iştirak etmiş və bütün mərhələlər başa çatdıqdan sonra yerlər aşağıdakı qaydada bölüşdürülüb. Birincilikdə I yerə Qobustan şəhər A.Çernyayevski adına 1 saylı tam orta məktəbin komandası, II yerə şəhər A.Qayıblı adına 3 saylı tam orta məktəbin komandası, III yerə Cəyirli kənd A.Quliyev adına tam orta məktəbin komandası layiq görülüb.

 Beləliklə, rayon birinciliyinin qalibi Qobustan şəhər A.Çernyayevski adına 1 saylı tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyunu üzrə Mingəçevir şəhərində keçiriləcək zona mərhələsinə vəsiqə qazanıb.