15–19 dekabr 2025-ci il tarixlərində Qobustan İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Ümumdünya Futbol Günü” münasibətilə futbol üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, turnirdə iştirak edən Qobustan UGİM-in 2 komandası yarımqruplarda keçirdikləri oyunlarda qalib gələrək finala yüksəlib və həlledici görüşdə üz-üzə gəliblər.

19 dekabrda baş tutan final qarşılaşmasında “UGİM-1” komandası 3:2 hesabı ilə qalib gələrək I yerin sahibi olub. III yer uğrunda keçirilən oyunda isə Qobustan şəhər 3 saylı tam orta məktəbinin komandası, 1 saylı tam orta məktəbinin komandasını 2:1 hesabı ilə məğlub edib. Turnirin keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında futbol idman növünə marağın artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və asudə vaxtın səmərəli təşkilindən ibarət olub. Turnirin qalibi və mükafatçılar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.