"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 16-cı turu çərçivəsində doğma meydanda "İmişli"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, qolsuz heç-heçə barədə bunları söyləyib:


“Oyun gözlədiyimiz kimi keçdi. Rəqib daha çox müdafiə olunurdu, biz də onu yarmağa çalışırdıq. Vurduğumuz qol sayılmadı. Birinci hissədə nəzarət bizdə idi. İkinci yarıda daha sürətli futbol getdi, bir neçə qol epizodumuz oldu. Vacib xallar itirdik. Artıq fasiləyə gedirik. Futbolçularımdan ümumilikdə razıyam. Son matçlarda hücum xəttində bir az problemlər yaşayırıq. 11-12 oyundur ki, əsas hücumçumuzdan istifadə edə bilmirik. Çox itkilərimiz var. Bu da istədiyimiz heyətlə meydana çıxmağımıza problem yaradır. Ümidvaram ki, qışdan sonra bu qədər problem yaşamarıq.


İstəyirdik ki, qələbə qazanaq. Məyusuq. Amma bu gün uduzsaydıq da, futbolçularımın çıxışından razı qalacaqdım. 16 matçın cəmi birində meydanda zəif olmuşuq, o da "Sabah"la görüşdə. Meydana hücumçu buraxmaq istəyirdim. Amma yox idi. Konateni hücumçu kimi oynadırdıq. Onsuz da heyətimiz kasaddır, Davit Volkov 11-12 oyundur yoxdur. Nə vaxt bərpa olacağı bilinmir. "İmişli" yaxşı, möhkəm komandadır. Səfər matçlarında daha təhlükəli olurlar. Bir xala görə şikayətçi deyilik. 


Rəhbərlikdən xahiş edəcəyik ki, 1-2 transfer edək. Digər tərəfdən rüsum məsələsi var. Gücümüz çatacaq ya yox, bilmirik. Mövsümün əvvəlində bilirdik ki, hücum xəttinə oyunçu lazımdır. Yerli futbolçu yoxdur. Yəni, komandanı gücləndirəcək yerli oyunçudan söhbət gedir. Üstəlik, hər bir yerli futbolçunun öz klubu ilə müqaviləsi var. Qışda kimisə transfer etmək çətindir”.