
“Qırmızı vərəqədən sonra “Qarabağ”a qarşı oynamaq çətindir”
- 20:32
- 40
"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 5-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:5 hesablı məğlubiyyəti belə şərh edib:
"Ağır məğlubiyyət oldu. Komanda olaraq, qırmızı vərəqəyə qədər futbolçular başabaş oynamağa çalışırdılar. Qol epizodlarına da girdik. Amma qırmızı vərəqədən sonra "Qarabağ"a qarşı oynamaq çətindir. Danışılası çox şey yoxdur. Bu ağır məğlubiyyəti unudub, qarşıdakı matçlara hazırlaşmaq lazımdır.
Qırmızı vərəqəyə görə qınanılacaq kimsə yoxdur. Əliyar Ağayevin qərarı ağır idi. Penalti verirsən, rəqibi azlıqda saxlayırsan… Ağır qərar oldu. Qırmızı vərəqə göstərmədən, penalti təyin edə bilərdi. Bəli, penalti var idi.
Fərdi səhvləri çox edirik. Onun da nəticəsində qapımızda qollar görürük. Oyuna yaxşı başlasaq da, qırmızı vərəqədən sonra oyun ritmindən düşdük. Rəqibin usta futbolçuları şanslardan məharətlə yararlandılar.
Ramon Maçado bizim üçün önəmli futbolçudur. Amma zədəli günləri uzana-uzana gedir. Ümid edirik ki, tez bir zamanda qayıdar. Məşqlərə başlayıb. Amma fərdi məşqlər edir. Yəqin tam hazır olmalıdır ki, kollektivə qoşulsun. Dizinin arxasında olan əzələsində problem var. Təlim-məşq toplanışında zədələnmişdi”.