
Qəbələ stadionunda azarkeşlər bu sektora niyə buraxılmır? FOTO
- 27 May 2023 20:15
- 615
Misli Premyer Liqasının 36-cı turu çərçivəsində bu gün keçirilən "Qəbələ" - "Kəpəz" matçına daha çox azarkeşin gəlməsi haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, məhz bu səbəbdən tribunalarda qələbəlik var idi.
Xüsusilə mərkəzi tribunalar dolmuşdu. Bu zaman ayaq üstə dayanan bir xeyli azarkeş mərkəzi tribunanın sol hissəsindəki boş qalan sektorlara keçmək istəsə də, polislər buna imkan vermədi. Nəticədə iki sektor boş olduğu halda, insanlar oyunu ayaq üstə izləməyə məcbur oldu. Məsələyə klubun mətbuat katibi Anar Hacıyevdən münasibət öyrəndik. Hacıyevin sözlərinə görə, həmin iki sektot qapı arxası sektorlara yaxındır. Hansı ki, qapı arxası sektorlar da rəqib azarkeşlər üçün nəzərdə tutulub. Yerli azarkeşləri rəqib azarkeşlərdən uzaq saxlamaq və hansısa insidentdən qaçmaq üçün klub bu cür addım atıb.
Hər halda bir şeyi də qeyd edək ki, Qəbələyə qonaq gələn komandalar elə də çox fanatla gəlmir. Maksimum orta hesabla 60-70 azarkeş gəlir ki, onlarda qapı arxasında, yuxarıda haqqında bəhs etdiyimiz boş sektorlardan xeyli aralıda qərar tutur. Belə olan halda iki sektoru boş qoyub insanları ayaq üstə saxlamaq heç də düzgün seçim deyil.