
"Qarabağ"ın Şamaxıda 4 qolla qalib gəlməkliyi...
- 31 Okt 2022 10:15
- 414
Misli Premyer-Liqasının 12-ci turu çərçivəsində çempionatın şəksiz-şübhəsiz, müzakirəsiz, mübaliğəsiz, tək və tənha lideri “Qarabağ” aşkar autsayder “Şamaxı”nın qonağı idi. İmadəddin Nəsimi, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Ağasadıq Gəraybəyli, Yusif Səfərov və digər görkəmli şəxsiyyətlərin vətəni olan bu gözəl şəhərimizə Avropada adından söz etdirmiş komanda gəlirdi ki, onun da ününə bütün 2200 nəfərlik stadion tək oturacağına qədər yığışmışdı. Boş yer yox idi. Futboldan anlayışı olmayan və gətirilmək xatirinə gətirilən könüllülərdən tutmuş, bəzi futbol veteranlarımıza qədər hər kəs tribunalarda öz yerini tutmuş, gözəl futbol tamaşasını izləmək niyyəti güdürdü. Sonda kimin qalib gələcəyi əvvəlcədən təxmin edilirdi, ancaq bunun necə, hansı ssenari və gözəlliklə ediləcəyi maraqlı idi deyə, ab-hava elə hava yaxşı olduğu kimi yaxşı idi.
Şamaxıya gələnə qədər Bakı-Nant-Bakı-Şamaxı marşrutu ilə nə az, nə çox, düz 8357 km məsafə qət edən “Qarabağ” meydana təbii ki, 2-ci heyətlə çıxmışdı. Qurban Qurbanov Fransada startda oynamışlardan Ozobiç istisna olmaqla heç kimə bu süni qazonda şans verməmiş, bununla həm komandaya istirahət vermiş, həm də “Frayburq”la oyundan öncə liderləri riskə atıb zədələməkdən qaçmaq fikrinə düşmüşdü. Amma cəmi 15 dəqiqəyə sıradan çıxan Filip Ozobiçin timsalında planın ən azı son bəndinə riayət etmək mümkün olmadı. İkinci heyət ifadəsinə gəlincə, buna ikinci deməyə də adamın dili gəlmir. Bu 11-lik Premyer-Liqada minimum medallar uğrunda mübarizə aparar, işinin öhdəsindən də rahatlıqla gələr desək, yəqin yanılmarıq. Ona görə də “Şamaxı”nın işi asan olmayacaqdı. Birdən-birə iki baş məşqçiləri olsa belə. “Məndə sığar iki cahan, mən bu cahana sığmazam”...
Oyunun 1-ci hissəsi nə rəhmətlik Maradonanın, nə diri Pelenin, nə bütün nəsil Maldinilərin, nə Bekkenbauerin, nə Ronaldonun, nə Messinin, nə De Xeanın, nə Mourinyonun, nə Qvardiolanın, nə Simeonenin, nə rəhmətlik Banişevskinin, nə diri İsgəndər Cavadovun, nə Vidadi Rzayevin, nə Kamal Quliyevin, nə Kamran Ağayevin, nə Emin Mahmudovun, nə “Real”, nə “Latsio”, nə “Everton”, nə “Spartak”, nə “Paxtakor”, nə “Persepolis”, nə “Zestafoni”, nə “Sabah” azarkeşlərinin, nə də elə dahi Sabirlə Nəsiminin xoşuna gəlməzdi. Mənim də xoşuma gəlmədi. Sizin də xoşunuza gəlməyəcəkdi. Ona görə də sizi bu mənasız 45 dəqiqə barədə məlumatla yormayıb keçirəm fasilədən sonraya.
Planlarında ikinci hissəyə qolsuz bərabərliklə çıxmaq olmayan “Qarabağ” böyük ustalığa malik oyunçuların hesabına istəyinə çatdı. Meydan sahiblərinin heyətində Premyer-Liqa təcrübəsi az olan futbolçuların yer alması özünü göstərdi. Hiss olunurdu ki, adlı-sanlı rəqibindən çəkinən gənclər bəzən həddindən artıq canfəşanlıq edir, bəzən isə adi tapşırıqların öhdəsindən gələ bilmirdilər. Bunun yeganə səbəbi həyəcan idi ki, “Qarabağ” da bu boşluqdan yararlanaraq istəyinə nail oldu. Bir oyuna az qala bir dövrəlik qol epizodunu boşa verən Ramil Şeydayevə rəğmən “köhlən atlar” 4 cavabsız qolla qələbə qazandılar. Sürətli cinah keçidləri, uzaqdan zərbələr, qapıçı meydançasında Musa Qurbanlının dəqiq və effektiv oyunu nəticəni təmin etdi. Hələ Qurban Qurbanov taymın gedişində almanlarla oyunda edə biləcəyi gedişlərin məşqini etməyə macal da tapdı. Məsələn, hesabda 3:0 irəlidə olan qonaqlar son 15 dəqiqədə meydanda 4 nominal hücumçu ilə - Ovusu, Şeydayev, Qurbanlı və Axundzadə - oynadılar.
Xülasə, kim qalib gəlməli idisə, o da gəldi. Oyun baxımından xüsusi tamaşa olmadı, ola da bilməzdi. Bir tribunalı, üç tərəfi açıq, rəsmən həyət evləri və dərə-təpənin qoynunda olan süni örtüklü meydançada, meydana çıxmadan məğlub olmuş rəqiblə “Qarabağ”ın bundan başqa nəticə qazanmağa haqqı yox idi. Qurbanovun yetirmələri aktivlərinə daha 3 xal yazdırdı və turnir cədvəlindəki vahid, itkisiz liderliklərini davam etdirdilər.
“Şamaxı”? Heç nə, uzun ömür, can sağlığı, I Divizion.
Kənan Məstəliyev, “Rekord.az”
Sumqayıt-Şamaxı-Sumqayıt.