Xəbər verdiyimiz kimi, "Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabe Verde millisi Afrika Millətlər Kubokunda 1/8 final oyununa çıxıb.

Seneqalla matçın start heyətində meydana daxil olan Andrade 21-ci dəqiqədə aqressiv hərəkətinə görə birbaşa qırmızı vərəqə alıb.

Rekord.az xəbər verir ki, Andrade öncə sarı vərəqə alıb.

Lakin baş hakim VAR-a baxdıqdan sonra əvvəlki qərarını ləğv edib və Andradeyə Seneqalın oyunçusu Pap Quyenin ayağına qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə göstərib. Maraqlıdır ki, Pap Quye həm də Konfrans Liqasının 1/16 finalında “Qarabağ”ın rəqibi olan “Marsel”in (Fransa) dayaq yarımmüdafiəçisidir. Beləliklə, bu futbolçuların növbəti dəfə klub səviyyəsində qarşılaşmaq ehtimalı var.

Əlavə edək ki, Kabe Verde millisi Afrika Millətlər Kubokunda Sadio Manenin lideri olduğu Seneqala 0:2 hesabı ilə uduzaraq 1/8 finalda mübarizəni dayandırıb.

Yaxın günlərdə Andradenin “Qarabağ”ın düşərgəsinə qoşulacağı gözlənilir.

Qeyd edək ki, Afrika Millətlər Kubokunun oyunları səbəbindən Patrik Andrade Ağdam klubunun Antalyadakı təlim-məşq toplanışında iştirak etməyib.

Patrik Andradenin qırmızı vərəqə aldığı epizoda videonun 1:00 dəqiqəsindən baxa bilərsiniz.