Futbol üzrə Azərbaycan milli komandasının və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov “sports.ru”ya müsahibə verib.

Rekord.az xəbər verir ki, o, 30 yaşlı yarımmüdafiəçi Azərbaycan klublarında çıxış edən futbolçuların aldığı maaşla bağlı danışarkən öz qazancından da söz açıb:

“Azərbaycanda futbolçuların maaşları Gürcüstandakından yüksəkdir. Hətta "Qarabağ", "Neftçi" və "Sabah"da böyük maaşlar var. Bu, Rusiya Premyer Liqasının ikinci səkkizliyində olduğu kimidir. Kiçik klubların oyunçularının məvacibləri isə Rusiya Milli Futbol Liqasındakı komandaların futbolçuları ilə eynidir. “Qarabağ"ın liderləri daha çox alırlar, çünki hər il avrokubokların qrup mərhələsində oynayırlar. Mən isə karyeramdakı ən böyük maaşı "Neftçi"də almıram. Bu, ən azlardan biridir. Rusiyada, hətta "Saturn"un birinci komandasında belə dollarla müqayisədə buradan daha çox maaş alırdım. Əvəzedicidən gələndə 3 min dollar qazanırdım. Amma sonra bunu sürətlə qaldırdılar. Artıq stabil çıxış edirdim və başqa klublar məni almaq istəyirdi".

Mahmudovun sözlərinə görə, “Qarabağ” Rusiya Premyer Liqasında 100% çempionluq üçün yarışa bilər: “Ağdam klubunun öz oyun üslubu var. Onlar istənilən rəqibi öz tərzlərinə uyğunlaşdıra, öz istədikləri kimi oynamağa məcbur edə bilirlər. Məsələn, “Qarabağ”la qarşılaşan rəqiblər meydanda daha çox topsuz qaçmaqla məşğul olurlar. Hətta “Zenit” də gəlsə, eyni şey olacaq. Rusiya klublarından fərqli olaraq, “Qarabağ” hər il avrokuboklarda qrup mmərhələsində çıxış edir”.