2014/2015 mövsümünün ilk yarısında "Xəzər Lənkəran" forması geyinmiş Bolqarıstan millisinin üzvü Qalin İvanov sportal.az-a müsahibə verib. Rekord.az xəbər verir ki, hazırda ölkəsində “Slaviya”da (Sofiya) çıxış edən yarımmüdafiəçi Azərbaycandakı vaxtlarını da xatırlayıb.

 

 

- Bolqarıstanda işlərin necə gedir?
- Hər şey normaldı. Ölkəmdə oynayıram. “Slaviya” mənim üçün doğma komandadı. Bu klubda bir neçə dəfə oynamışam. Əlimdən gələni edirəm.

- Vaxtı ilə “Slaviya”dan ayrılaraq Azərbaycana gəlib “Xəzər Lənkəran”la müqavilə imzalamışdın. Həmin vaxtları necə xatırlayırsan?
- “Xəzər Lənkəran”da keçirdiyim hər anı, epizodu yaxşı xatırlayıram. Həqiqətən bu klubla bağlı çox gözəl xatirələrim var. Təəssüf ki, komanda fəaliyyətini dayandırıb. Bunu eşidəndə üzülmüşdüm.

- Nəyə görə “Xəzər Lənkəran”da qalmadın və ayrıldın?
- Həmin vaxtı Türkiyədən cəlbedici təklif almışdım. Ona görə də Azərbaycandan getmək qərarını aldım. Yollandım Türkiyəyə və legioner həyatına orada davam etdim.

- Sonradan Azərbaycandan təklif almamışdın?
- Xeyr, təklifim olmadı. Son vaxtlarda da heç olmayıb.

- Yəqin ki, Azərbaycan futbolunu izləyirsən. “Qarabağ” hegemon komandadı...

- Bilirəm, izləyirəm. “Qarabağ” Azərbaycanın ən yaxşı komandalarından biridi. Onlar neçə ildir ki, yüksəlişdədi və bu yolda da davam edirlər. Avrokuboklarda da uğurlu çıxışları var.

- Son vaxtlarda Azərbaycan Premyer Liqasında bolqarıstanlı futbolçuların sayı da azdı. İndi cəmi bir bolqar Premyer Liqada çıxış edir. O da “Səbail” forması geyinən Emil Martinovdu...
- Ola bilər ki, Premyer Liqanın səviyyəsi yüksəlmir deyə, ora daha səviyyəli bolqarlar yollanmır. Emil Martinovun hazırda Azərbaycan çempionatında oynadığını bilirəm. Hazırda orada yeganə bolqarıstanlı olduğundan da xəbərim var. Emillə birlikdə oynamışam və onu yaxşı tanıyıram, nəyə qadir olduğunu da bilirəm. O, əla futbolçudu. Emilə uğurlar arzulayıram.

- Vaxtı ilə “Xəzər Lənkəran”dan FİFA-ya şikayət etmişdin....
- Hələ də “Xəzər Lənkəran”dan pulumu ala bilməmişəm. Bu hadisənin üstündən artıq neçə il keçib.