Məlum olduğu kimi, Heydər Əliyev adına İmişli şəhər stadionu tələblərə cavab vermədiyi üçün I Divizionda mübarizə aparan "İmişli" komandası ilk dövrədə ev oyunlarını qonşi Saatlı rayonunda keçirmişdi.

Lakin bu yaxınlarda açıqlama verən klubun baş məşqçisi Rahud Usubov İmişli stadionundakı problemlərin həll olunduğunu, komandanın ikinci dövrədə rəqiblərini doğma rayonda qəbul edəcəklərini açıqlamışdı.

Lakin bunun üçün ilk növbədə Peşəkar Futbol Liqası stadiona baxış keçirməli və rəy verməlidir. Bəs belə baxış olubmu? Sualımızı PFL-in  Texniki İdman Departamentinin rəhbəri Elgiz Abbasova ünvanladıq. Abbasovun cavabı bu cür oldu: "Mövsümün əvvəlində stadiona baxış keçirmişik. Həmin vaxt stadion oyunları keçirməyə hazır deyildi. Klubun alternativ stadionu olan Saatlı Olimpiya İdman Kompleksi qismən yararlı olduğu üçün kluba həmin stadionda oynamağa icazə verdik. Daha sonra klub rəhbərliyi ilə, konkret olaraq İdarə Heyətinin sədri Aqşin Mürsəlov ilə iki dəfə görüşümüz olub. O, doğma stadionlarında işlərin aparıldığını və arenanın yaxşı vəziyyətə gətiriləcəyini bildirib. Peşəkar Futbol Liqasının İdarə Heyətinin qərarı ilə həmin stadiona yenidən baxış kecirilə bilər. Həmin baxışdan sonra məsələ ilə bağlı konkret danışa bilərik".