
Özlərinə umac ova bilməyib, başqasına əriştə kəsənlər
- 27 İyl 2022 11:00
- 779
Dünən mətbuatda yeni məlumat tirajlandı: AFFA və PFL sponsor olmaq istəyənlərə müraciət etdi. Sponsor kim üçün axtarırlar, təbii ki, özləri üçün. Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun 2022/2023-cü illər mövsümünün titul sponsoru adına sahib olmaq istəyən şirkətlər AFFA və Peşəkar Futbol Liqasına müraciət edə bilər. Ümid edirlər ki, reytinqini öldürüb sıfırın altına saldıqları futbola, çempionata sponsor tapacaqlar. Ümid yaxşı şeydir, axtarsınlar. Mənə maraqlı olan məsələnin başqa tərəfidir.
Bir müddət bundan əvvəl həmin bu AFFA 2016-da yaradıb, sonra "öldürüb", bu yaxınlarda yenidən komadan ayıltdığı Futbolun İnkişaf Fondu (FİF) düşdü. O fond ki, qapı-qapı, bölgə-bölgə düşüb sponsorlar tapacaq, ianələr toplayacaq, həmin pulları fond şəklində toplayıb sonra klublara paylayacaqdı. Bununla da Azərbaycan futbolunun pul problemi həll olunacaqdı. Aktyordan, deputatdan filan da cəlb elədilər. Fəxrəddin Manafov gəlib futbola sponsor tapacaq. Tapan olsa elə kinoya tapar da. Hətta bir neçə bölgədə filial da açdıqlarını bəyan etdilər. O fond aradan keçən müddətdə nə iş görüb, necə fəaliyyət göstərib, deyə bilmərəm, amma onu deyə bilərəm ki, hələ hansısa kluba sponsorun heç "s" hərfini də tapmayıblar. Heç bundan sonra tapacaqlarına da inanmıram. Belə baxıram heç AFFA özü də inanmır. Çünki inansaydılar bu boyda elanı niyə verirdilər ki? Ağıl var, məntiq var da. FİF sponsor tapandırsa, birinci elə AFFA-nın özünə, çempionata tapar. Tabe olduğu quruma sponsor tapa bilməyən bir federasiya, hansısa kluba necə sponsor tapacaq? Məsəl var, özünə umac ova bilmir, başqasına əriştə kəsir. Elə bu anormallığın özü bir daha sübut edir ki, AFFA başbilənlərinin 14 ildir iflasa uğrayan digər layihələri kimi, FİF də bir işə yaramır. Ona görə AFFA özü ayrıca elan verib iş adamlarına, iri şirkətlərə ağız açıb özünə sponsor axtarır...
Anar XANLAROV