Millimizin yeni baş məşqçisi Cianni De Byazinin yeni köməkçiləri məlum olub. İtaliyalı mütəxəssis öz yerlilərini yanında işlətməyi planlaşdırır. İtaliya mediasında yayılan xəbərə görə, De Byazi Benito Karbone, Klaudio Belluci, Federiko Turrisiani və Alessandro Skaya ilə birgə çalışacaq. İtaliyalı mütəxəssislərin hər biri haqda qısa araşdırma apardıq. Bunun nəticəsi kimi çox maraqlı faktlar aşkarladıq.


Benito Karbone PRO kateqoriyalı məşqçidi. 48 yaşlı mütəxəssisin son iş yeri “Venetsiya” olub. O, B seriyası təmsilçisində köməkçi məşqçi kimi fəaliyyət göstərib. Klaudio Belluci isə A kateqoriyasına malikdi. Sonuncu dəfə 2018/19 mövsümündə “Albissola”da çalışıb. 45 yaşlı mütəxəssis C seriyası təmsilçisinin baş məşqçisi olub.
Federiko Turritsiani B kateroriyalı məşqçidi. 39 yaşlı mütəxəssis sonuncu dəfə ABŞ-da “Empire United” futbol məktəbinin texniki direktoru kimi fəaliyyət gösətərib.


De Byazinin sonuncu əcnəbi köməkçisi Alessandro Skayya olacaq. 40 yaşlı mütəxəssin son iş yeri C seriyasında çıxış edən “Alessandriya”dı. Skayya komandanın fiziki hazırlığından məsuliyyət daşıyıb. O, C kateqoriyasına malikdi.
Gördüyünüz kimi, Canni De Byazinin köməkçiləri özündən fərqli o qədər də uğurlu səxslər deyillər. Yalnız Benito Karbone PRO kateqoriyasına sahibdi. B və C kateqoriyalı mütəxəssislərin millimizdə köməkçi işləməsi o qədər də uğurlu addım deyil. Çünki artıq 1-ci divizonda çıxış edən klublarımız belə bu kateqoriyalı məşqçilərin xidmətində maraqlı deyillər. AFFA isə bu tip “mütəxəssislər”i millidə köməkçi olaraq işlədəcək.


Əlbəttə, bu məsələdə Canni De Byazinin heç bir günahı yoxdu. Adam məşqçi korpusunu yığıb və AFFA-ya təqdim edib. Onun təklifini qəbul edib-etməmək isə artıq assosiasiyanın məsuliyyəti idi ki, qurum da bununla razılaşıb. Çünki məşqçilərlə bağlı internet resuslarında araşdırma aparında gördük ki, həmin şəxslər öz portfoliolarında iş yeri kimi yığmamızı göstəriblər. Çox güman, həmin məşqçilər də Canni De Byazi ilə birgə millidə işləyəcəklər.


AFFA-nın bu qərarı müəmmalıdı. Axı ölkədə kifayət qədər PRO, A və B kateqoriyalı məşqçilər var. Onların işsiz qaldığı bir dövrdə 4 italiyalının təyinatı ağlasığmazdı. Hərçənd AFFA-dan belə qeyri-adi qərarları həmişə görmüşük. Bir sözlə, Canni De Byazi və o qədər də peşəkar olmayan komandası millimizdə işləməyə gəlirlər. Ümid edək ki, uğurlu olacaqlar. İki təsnifat mərhələsindən sonra “alınmadı” deyib, gedəcəklərsə, elə indidən gəlməsinlər... ("Futbol plus" qəzeti)