“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 16-cı turunun açılış matçında “Turan Tovuz”la üz-üzə gəlib.


Rekord.az xəbər verir ki, Yevlax şəhər stadionunda 0:2 hesabı ilə məğlub olan Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı keçirilib.


Bağırov istədikləri oyunun alınmadığını bildirib:


“Meydançada istədiyimiz oyun alınmadı. Kiminsə olmaması ilə əlaqəli deyil. İlk dəqiqələrdən “Turan”ın təzyiqinə düşdük. İstəməzdik belə olsun, əfsuslar olsun ki, məğlub olduq. Tovuz komandasını təbrik edirəm. Əslində, oyuna yaxşı hazırlaşmışdıq, amma alınmadı. Bəlkə də, 6 ayın yorğunluğu var idi. İstədiyimizi meydanda göstərə bilmədik. Rəhim Həsənov AFFA Hakimlər Komitəsinin sədri təyin olunduqdan sonra bir məsələyə toxundu ki, tempi öldürməmək, vaxtı uzatmamaq… “Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarına da belə hallar təsir edir. Yalan olmasın, bəlkə də, bu gün 20-dən çox yerdəqalmalar oldu.


Qış toplanışımızı Gəncədə keçirəcəyik, hələ ki, planımızda xarici ölkəyə getmək yoxdur”.