
“Ovusu paltardəyişmə otağında ağlayırdı” - Sxadadze
- 21:49
- 37
"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 6-cı turu çərçivəsində səfərdə "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları oyundan sonra bunları söyləyib:
"Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. Öz futbolçularıma minnətdarlığımı bildirirəm. Mübariz oyun göstərdilər. Bu vaxta qədər deyirdilər ki, "Qəbələ"nin hücum xətti yaxşıdır, müdafiədə problemlər var. Bu oyun göstərdi ki, komandamız müdafiə olunmağı da bacarır. "Qarabağ" kimi rəqibə qarşı 90 dəqiqə azlıqda oynadıq. Buna baxmayaraq, futbolçular taktiki baxımdan çox düzgün oynadılar. "Qarabağ"ın Çempionlar Liqasında vacib oyunu var. Onlara uğurlar arzulayıram. Daha bir vacib məqamı qeyd edim ki, bu gün daha bir futbolçumuz (Qədir Ramazanov) Premyer Liqada debüt etdi. Bu mövsüm debüt edən yerli oyunçuların sayı 5-ə çatdı.
Prins Ovusu hələ uşaqdır. Özünü çox pis hiss edir. Paltardəyişmə otağında ağlayırdı. Onu çətinliklə sakitləşdirə bildik. Həmin epizodda qəsdən qayda pozuntusu yox idi. Sürüşdü, ona görə qaydanı pozdu. "Qarabağ"ın özü üçün də yaxşı olardı ki, vacib oyundan öncə 11 nəfərə qarşı oynasınlar. İngiltərədə belə epizodlarda dərhal qırmızı vərəqə vermirlər. Matçın əvvəlində bu cür "qırmızı" ilə bağlı şərh vermək çətindir.
Bu mövsüm hər oyunda döyüşəcəyik. Əlbəttə, məqsədimiz Premyer Liqada yerimizi qoruyub-saxlamaqdır. İnanıram ki, bunun öhdəsindən gələ biləcəyik”.