
"Neftçi"nin sabiq baş məşqçisi: "Azərbaycana getsə, ona yazığım gələr"
- 19 İyl 2022 13:00
- 494
"Əgər Dzyuba həqiqətən də Azərbaycana getsə, ona yazığım gələr. Bu ölkədə oynamaq çox çətin olar. Artyom üçün belə isti bir iqlimdə tapşırıqların öhdəsindən gəlmək son dərəcə çətin olacaq. Bu, onun üçün pis seçimdir".
Rekord.az xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq baş məşqçisi Vlastimil Petrjela 33 yaşlı hücumçu Artyom Dzyubanın Azərbaycan klublarından birinə keçəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
V.Petrjela 2007-2008-ci illərdə "Neftçi"ni çalışdırıb. 68 yaşlı çexiyalı mütəxəssis Rusiyanın "Sport24" portalına açıqlamasında fikirlərinə belə davam edib:
"Təbii ki, onun Rusiyada oynamağa davam etməsi daha yaxşıdır. Ancaq klublar üçün Artyom artıq çox problemli oyunçudur.
O, yaşlı və ləngdir. Dzyubanın qiyməti artıq keyfiyyətinə uyğun gəlmir, ona görə də heç bir klub onu dəvət etmir.
Son vaxtlar onun oyununu görmüşəm və ona marağın olmaması məni heç də təəccübləndirmir. Bu futbolçunun tələblərini azaltmasının vaxtı çatıb".
Rusiya millisinin üzvü danışıqlar aparmaq üçün Bakıya gəlib.
Artyom Dzyuba son mövsümdə "Zenit"in heyətində meydana çıxdığı 39 matçda 13 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Məşhur hücumçu Rusiya yığmasında 55 oyunda 30 qol vurub.
Dzyuba bu ilin may ayında "Zenit"dən ayrılıb. Buna görə də o, Azərbaycan klubuna azad agent statusu ilə keçə bilər.