
“Neftçi” Əsgər Abdullayevi təbrik etdi
- 15 Okt 2025 21:20
- 40
“Neftçi”nin veteran futbolçusu, sabiq baş məşqçisi Əsgər Abdullayev “Palms Sports” Futbol Mərkəzində qonaq olub.
Rekord.az xəbər verir ki, “Neftçi” PFK-nın baş icraçı direktoru Cenk Sümer və digər klub nümayəndələri ilə görüşən Abdullayevə 65 illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim edilib.
Görüşdə “Neftçi”nin hazırkı durumu və gələcək planları haqda fikir mübadiləsi aparılıb. Daha sonra yubilyar “Neftçi TV”yə geniş müsahibə verib.
1979-cu ildə “Neftçi”də debüt edən Əsgər Abdullayev qısa müddətdə əsas heyət üzvlərindən birinə çevrilib. Ümumilikdə, “ağ-qaralar”ın heyətində keçirdiyi 15 mövsüm ərzində 397 oyunda meydana çıxan müdafiəçi bu göstəriciyə görə yalnız Sergey Kramarenkodan geri qalır.
Etibarlı oyunu ilə seçilən Abdullayev “boş qapıdan top çıxarmaq” üzrə SSRİ rekordçusudur. O, 70 dəfə “Neftçi”ni qoldan xilas edib. “Neftçi”nin heyətində vurduğu yeganə qol 1987-ci ildə “Jalgiris”lə heç-heçə nəticələnmiş (1:1) səfər oyununa təsadüf edir ki, futbolçu son dəqiqələrdə bu qola imza atmaqla yenə xilaskar rolunu oynayıb.
Əsgər Abdullayev bir neçə il kapitanı olduğu doğma komandası ilə 1992-ci ildə müstəqil Azərbaycanın ilk çempionluğunu yaşayıb.
Futbolçu karyerasını başa vurandan sonra məşqçiliyə başlayan mütəxəssis “Neftçi”nin və milli komandamızın da baş məşqçisi olub. O, millinin sükanı arxasında Serbiya yığmasını evdə məğlub edib, səfərdə heç-heçə oynadığına görə “Serb cəlladı” ləqəbini də alıb.