
“Neftçi” Brkiçi saxlayır: “Kuboku qazanmaq üçün əla şansımız var”
- 21 Dek 2022 17:30
- 506
“Neftçi" qapıçısı İvan Brkiçə yeni müqavilə təklif edəcək.
Rekord.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, paytaxt təmsilçisi xorvatiyalı qolkiperi heyətində saxlamaq istəyir.
27 yaşlı çərçivə qoruyucusunun çıxışından razı qalan "ağ-qaralar" onu buraxmaq niyyətində deyil.
Qeyd edək ki, bu ilin yanvarından "Neftçi"də çıxış edən İvan Brkiçin Bakı klubu ilə cari mövsümün sonunadək müqaviləsi var.
Yeri gəlmişkən, Brkiç evdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu barədə də ölkəsinin mətbuatına açıqlama verib. "Ağ-qaralar"ın 7 ildir sözügedən titulu qazana bilmədiyini xatırladan xorvatiyalı qolkiper bu mövsüm tilsimi qırmaq istədiklərini gizlətməyib: "Bunun üçün olduqca motivasiyalıyıq. Əsas favoritlər olan "Qarabağ"la "Sabah" mübarizəni dayandırdı. Düşünürəm ki, kuboku qazanmaq üçün əla şansımız var”.
Xatırladaq ki, paytaxt klubu ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzsa da, ev qələbəsi sayəsində yarımfinala adlayıb. "Neftçi" yarımfinalda "Turan Tovuz"la qarşılaşacaq.