
Nazirlik "Xankəndi"nin məktubuna nə cavab verib?
- 11:00
- 61
II Liqada mübarizə aparan "Xankəndi" komandası ev oyunlarını Xankəndi şəhər stadionunda keçirmək üçün Gənclər və İdman Nazirliyinə məktubla müraciət etmişdi.
Rekord.az həmin məktubun aqibəti ilə maraqlamaq üçün komanda ilə əlaqə saxlayıb.
"Xankəndi"nin meneceri Rəşad Mirzə saytımıza açıqlamasında məsələ ilə bağlı bunları dedi: "İlk təsis olunduğumuz gündən elan etmişik ki, Xankəndini təmsil edirik. İlk mövsümdə AFFA-nın bayrağı altında keçirilən "Region Liqası"nda 54 komanda arasında çempion olduq və bu, peşəkarlaşma yolunda atdığımız ilk addım idi. Növbəti mərhələdə yenə AFFA-nın bayrağı altında keçirilən və PFL-in təşkil etdiyi II Liqada debüt edirik. Bu bir faktdır ki, Xankəndini təmsil edən bir klub var və Xankəndidə mövcud ola futbol infrastrukturlarından istifadə etməyə iddialıdır. Bu mənada da elan etmişik ki, dövlətin balansında olan stadionlardan istifadə etmək üçün aidiyatı qurumlarla əməkdaşlıa hazırıq. Özünüz də bilirsiniz ki, hazırda ölkədə istifadəyə tam yararlı stadionların sayı azdır. Hətta bu məsələ qınaq obyektinə çevirilir ki, Premyer Liqada niyə oyunlar 3-4 stadionda keçirilir, niyə bir stadionda 3 komanda oynayır. Bu mənada Xankəndidə ideala yaxın bir stadion varsa, niyə onun imkanlarından istifadə etməyək? Bu səbəbdən iki ay öncə Gənclər və İdman Naziri cənab Fərid Qayıbova məktubla rəsmi müraciət elədik. Eyni məktubu dəstək almaq niyyəti ilə AFFA prezidenti Rövşən Nəcəfə də ünvanlamışıq. Lakin stadion gənclər və idman nazirliyinin balansında olduğu üçün ilk növbədə onlarla əlaqədəyik. Nazirliyin futbola məsul şöbəsindən bizə bildirilib ki, məktub onlara daxil olub və nazirə də bu haqda məruzə edilib. Bir sözlə, nazirlikdən mənfi cavab almamışıq və buna görə ümidliyik ki, Xankənd stadionundan istifadə etmək üçün bizə icazə veriləcək. Biz də düşünürük ki, 30 illik işğaldan sonra böyük futbolu yenidən Xankəndiyə, Qarabağa qaytarmaq mümkündürsə, niyə də olmasın. İnanırıq ki, bu, baş versə, orda çoxminli azarkeş ordusu da yaranacaq. Hazırda bununla bağlı işlər də gedir, Qarabağ Universitetinin tələbə və müəllim heyəti artq fan klub da yaradıb. Bizim də "Xankəndi" klubu olaraq Xankəndiyə səfərimiz gündəmdədir. Fərid Qayıbov özü də son açıqlamalarının birində bildirib ki, Xankəndi stadionu əsaslı təmir olunandan sonra yerli klubların istifadəsinə veriləcək. Bu fikirin özü də bizə məsələyə nikbin baxmağa imkan verir. Özümüz də ev oyunlarımızı Bakıda, yaxud digər hansısa şəhərdə, rayonda qəbul etməyi məqbul hesab etmirik. Yeri gəlmişkən, məsələyə PFL-də müsbət baxır və onlar da bildirilib ki, icazə veriləcəyi halda Xankəndidə istənilən oyunu yüksək səviyyədə təşkil etməyə hazırdılar. Düzdür, bu il yəqin ki, bu, baş verməyəcək, amma inanırıq ki. gələn ildən ev oyunlarımızı Xankəndidə keçirə biləcəyik. Bİz istəyirik ki, məhz Xankəndidə böyüyək, orada daha da peşəkarlaşaq".