Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında çıxışını başa vurub. "Rekord.az" xəbər verir ki, blokçumuz növbəti dəfə Macarıstan çempionu adını qazanıb.

Voleybolçumuzun komandası "Vasas"ın finaldakı rəqibi "KNRC" klubu olub. Cütün ilk iki oyununda qələbə qazanan "Vasas" son matçı da öz xeyrinə yekunlaşdırıb. 3:0 hesabı ilə qələbə qazanan Ayşən və rəfiqələri növbəti dəfə Macarıstan çempionu olublar. Bundan əvvəl Ayşən Macarıstan kubokunun da qalibi olub. Beləliklə, təcrübəli voleybolçumuz ötən il olduğu kimi bu dəfə də həm kubok, həm də çempionatda qızıl medallara sahib çıxıb.

Komandasının növbəti çempionluğunu qazandığı matçda "Vasas"ın və millimizin kapitanı yenə möhtəşəm oyunla yadda qalıb. Abduləzimova rəqibi 12 dəfə məyus edib. O, bu xallardan 7-ni blokda, 3-nü hücumda, 2-ni isə eyslə qazanıb. Ayşənin blokdakı göstəricisi qarşılaşmanın ən yaxşı nəticəsi olub.

Ayşən Abduləzimova həmçinin finalda möhtəşəm oyunu ilə yadda qalıb. O, üç final qarşılaşmasının ikisində ən yaxşı oyunçu seçilib.