
Mehman Allahverdiyev: "Kəpəz” həmişə mənim adımla bağlı olub və bu tarix qalacaq" MÜSAHİBƏ
- 24 Okt 2022 17:00
- 1347
Gəncə futbolu deyəndə ağla gələn ilk şəxs Mehman Allahverdiyev olur. İndinin özündə də “Kəpəz”lə bağlı az qala hər məsələdə onun adı hallanır. Klubun ətrafında hansı olay yaşanır, onun da adını çəkirlər. Hazırda “Kəpəz”in icraçı direktor postunu tutan Mehman bəylə “Qəbələ” – “Kəpəz” matçından sonra görüşdük. Çoxdandır görüşmədiyimiz üçün həm əməlli-başlı hal-əhval tutuq, həm də fürsətdən istifadə edib Rekord.az üçün geniş müsahibə götürdük. Çalışdıq “Kəpəz” və Gəncə futbolunun hazırkı durumu, yaşanan qalmaqallar, Allahverdiyevin adının bu qalmaqallarda hallanması və s. məsələlərə onun öz dilindən aydınlıq gətirək.
- Mehman müəllim, “Qəbələ” ilə oyundakı 1 xalı qazanc saymaq olar?
- Çox adam fikirləşirdi ki, “Kəpəz” Qəbələdə məğlub olacaq, amma gəlib 1 xal qazandıq. Deyim ki, qalib də gələ bilərdik. İkinci hissədə daha yaxşı oynadıq, qol imkanlarımız da oldu, sadəcə, sonluq olmadı. Belə deyim, uda da bilərdik, uduza da bilərdik. Bu mənada ən ədalətli hesab heç-heçə idi. Ona görə də 1 xal münasibəti ilə hamını təbrik edirəm. Bu gün üçün 1 xal da bizim üçün böyük şeydi. Çünki özünüz də bilirsiniz ki, turnir cədvəlindəki mövqeyimiz yaxşı deyil, sondan 3-cü pillədəyik, 4 xalımız var idi, artıq 5 oldu, inanıram ki, komanda turdan-tura daha yaxşı oyun və nəticə ortaya qoyacaq, azarkeşlərimizi sevindirəcək.
- Bu xal növbəti tur “Səbail”lə üv oyunu üçün motivasiya verir?
- Əlbəttə. Bu gün Qəbələ səfərində 1 xal qazandıqsa, növbəti tur evdə “Səbail”lə oyuna ancaq qələbə üçün çıxacayıq.
- Tərlan Əhmədovun işini necə qiymətləndirirsiniz?
- Normal, yaxşı. Görürüsünüz ki, komandada dəyişiklik var, xallar qazanırıq, inanırıq ki, get-gedə daha da yaxşı olacaq.
- Sizcə, daha yaxşı çıxış üçün “Kəpəz”ə nə çatmır?
- Bilirsiniz, “Kəpəz”in problemləri çoxdur. Bu gün bizə ilk növbədə stadion lazımdır, stadion tikilməlidir. Həmçinin də baza. Son vaxtlar bununla bağlı söhbıtlər gedir, inanıram ki, müsbət həllini tapacaq. Bunlardan başqa, ən əsası, komandanın özünün şəxsi sponsoru olmalıdır. Bu gün “Neftçi”nin sponsoru var, “Səbail”in var, “Qarabağ”ın var, “Sabah”ın var. Arzulayırıq ki, “Kəpəz”in də öz sponsoru olsun. Düzdür, komandaya baxırlar, amma problemlər çoxdur.
- Yeri gəlmişkən, sponsor məsələsi illərdi müzakirə olunur, amma nəticə yoxdur. Son durum nə yerdədir?
- İnanıram ki, yavaş-yavaş bu da həyata keçəcək.
- Hər kəs sizin dövrün “Kəpəz”ini bir başqa xatırlayır. O “Kəpəz” yenidən qayıda bilər, yoxsa o dövr tamam başqa dövr idi?
- Qayıda bilər, amma bayaq dediyim kimi, yalnız şəxsi sponsor olacağı halda. O vaxtlar komandanın şəxsi sponsorları olub. Rza Məmmədov, Müşviq Vəkilov, Faiq Ələkbərov. Amma bu gün bu cür sponsorlar yoxdur. Sponsoru olan komandalar necə oynayır, özünüz görürsünüz. “Neftçi”, “Sabah”, “Qarabağ”dan danışmağına dəyməz. Bilirsiniz, nədən danışırsan danış, axırda gəlib maliyyəyə dayanır. Tək futbolda belə deyil, hər sahədə belədir. Təhsildə, səhiyyədə, adicə müharibələri götürün, bu da maliyyəyə bağlıdır.
- Etiraf edək ki, “Kəpəz”, Gəncə futbolu deyəndə Mehman Allahverdiyev yada düşür. Bu mənada Gəncə futbolunun ağsaqqalı kimi, bu sualı sizə verməyə bilmərəm. Söhbət Gəncə futbolunda, “Kəpəz” ətrafına gedən çəkişmələrdən gedir. Bir qrup gəncəli futbol veteranı belə düşünür ki, “Kəpəz”də ancaq gəncəli məşqçi işləməlidir. Ona görə də digər bölgələrdən olan məşqçilərə qarşı böyük təzyiq göstərirlər. Yaşar Vahazadə bu təzyiqlə üzləşdi, Aftandiş Hacıyev, Şahin Diniyev də deyilənə görə, bu söhbətlərə görə “Kəpəz”ə getməkdən imtina etdi. Tərlan Əhmədovun özünə qarşı da bu gün təzyiqlər var. Münasibətiniz maraqlıdı bütün bu yaşanalara...
- Mən sizə deyim ki, bu, düzgün söhbət deyil. Çümpionatdan öncə verdiyim müsahibədə bu haqda demişdim. Bu gün gəncəli məşqçilər də gedib digər komandalarımızda işləyir. Məsələn, Mahmud Qurbanov “Səbail”də, Azər Məmmədov “Zirə”də işləyir, Yunis Hüseynov “Keşlə”də işləyib. Yəni bu, düzgün söhbət deyil ki, Gəncədə ancaq gəncəli işləməlidir. Şəxsən mən heç vaxt bu söhbətin tərəfdarı olmamışam. Bu gün “Neftçi”də Rumıniyadan gələn məşqçi işləyir. “Sumqayıt”da belaruslu gəlib işlədi, “Sabah”da bu gün rusiaylı məşqçi işləyir. O məntiqlə Bakıda ancaq bakılılar işləməlidir? Düzgün yanaşma deyil. Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisidir. Qurban Qurbanov qarabağlı deyil ki. Hərənin öz fikri ola bilər, amma yenə deyirəm, düzgün fikir deyil.
- Maraqlıdır ki, bu söhbətlərə daim sizin adınız hallanır. Yəni bütün bunların arxasında Mehman Allahverdiyev dayanır...
- Sizə bir söz deyim. Dediyiniz məsələ ilə bağlı açıqlaça verən, fikir bildirən veteranlar olub. Bir dəfə olub ki, həmin açıqlamalarda mənim adım çəkilsin, yaxud mən özüm həmin yerdə olum? Görün neçə illərdi bu söhbət gedir. Hətta mən futbolda olmayanda da. Halbuki futbolda olmadığım vaxtlarda stadionun qapısını açıb içəri girmirdim ki, başqa söz-söhbətlər yaranmasın. İnanın ki, ürəyim yanırdı, getmək istəyirdim, amma getmirdim. Komanda I Divizionda olanda oturub PFL-in saytından oyunlarına baxırdım. Bilirsiniz, “Kəpəz” həmişə mənim adımla bağlı olub və bu tarix qalacaq. Nəyə görə? Qazanılan nəticələrə görə. Nəticələrdən başqa, elə vaxt olub ki, komandanın sponsoru olmayıb və öz cibimin vəsaitini xərcləmişəm. Halal xoşları olsun, bu, bir gəncəli kimi, mənim borcum idi. Yəni boş-boş danışırlar da.
- Hətta deyilənə görə, sizəona görə klubda iş veriblər ki, bu təzyiqlərin qarşısını alsınlar...
- Sözdü də deyirlər, hər sözə də inanmaq olmaz.
- Qardaşınız Füzuli Allahverdiyevin “Kəpəz”dəki fəaliyyətini də sizin adınızla bağlayırlar. Məsələn, Mehman Allahverdiyev kluba gəldi, Füzuli də gətirildi, Mehman Allahverdiyev getdi, Füzulini də çıxardılar...
- İndi ki, “Kəpəz”dən ayrılmamışam. Birincisi, Füzuli yeganə futbolçu olub ki, 20 il bu komandanın şərəfini qoruyub və gələn digər çoxsaylı təkliflərə baxmayaraq, “Kəpəz”i qoyub heç yerə getmədi. Mən işləyəndə guya Füzuli nə vaxt işləyib ki, bir dəfə Şahin Diniyevin vaxtında olub. Bunun mənimıə heç bir əlaqəsi yoxdur və hamısı boş-boş söhbətlərdi. Məsəl var, nə qədər ki, bistan var, ora daş atılar. Ona görə də nə qədər ki, biz futbolda varıq, bu söhbətlər də olacaq. Yaşar Vahabzadənin də dalınca min dənə söz danışdılar. Futbol belədi. Nəticə oldu, tərifləyəcəklər, olmadı, bu cür söhbətlə olacaq.
- Bəlkə sizi istəməyən qüvvələr var və bu söhbətləri onlar ortaya atır?
- Bir söz də deyim də, bir az paxıllıq söhbəti də var. Gələndə çox adam iş istəyirdi. Gəlin açıq danışaq da, Gəncənin bir komandası var, orda da nə qədər iş yeri ola bilər ki? Hamını işlə təmin eləmək olmaz axı. Düzdür, futboldan uzaq adamlar bu söhbətlərə inana bilər. Amma futbolun içində olan, futboldan anlayan insanlar heç vaxt belə şeylərə inanmaz. Adamı istəyınlər də var, istəməyənlər də. İstəməyənlər həmişə belə söhbətlər danışacaq.
Anar XANLAROV, Qəbələ