Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Keşlə” – “Laçi” (Albaniya) matçı neytral meydanda keçirilə bilər.

Rekord.az xəbər verir ki, bu barədə “Laçi”nin idman direktoru Naim Halili yerli mətbuata açıqlamasında deyib. O, qarşılaşmanın koronavirus pandemiyasına görə neytral meydanda keçirilə biləcəyini bildirib:

“Koronavirus pandemiyasına görə qarşılaşmanın Azərbaycanda oynanılıb-oynanılmayacağını bilmirik, Kiprdə və ya İspaniyada da oynaya bilərik. Yaxın günlərdə bu məsələyə də aydınlıq gələcək, ondan sonra səyahət olunacaq yer müəyyənləşəcək”.

Halili, “Keşlə”ni məğlub edə biləcək heyətə sahib olduqlarını da deyib:

“Şansli püşk deməzdim, nəticədə sadəcə, bir oyun olacaq. Xüsusilə, azarkeşlərin olmayacağını nəzərə alsaq, oyunun harda keçirilməsinin əhəmiyyəti yoxdur. Bu heyətimizlə “Keşlə”yə qalib gələ biləcəyimizi düşünürəm. “Laçi” oyunun nəticəsini həll edə biləcək keyfiyyətə sahibdir. “Keşlə”ni az da olsa, tanıyıram. Çünki iki il əvvəl Mladen Milinkoviç orda işləyirdi və bu komandanın bəzi oyunlarını izləmək fürsətim olmuşdu”.

“Keşlə” – “Laçi” matçı avqustun 27-də, Bakıda keçirilməlidir.